Daxili İşlər Nazirliyi (DİN) dövlət yol polisi əməkdaşlarının sürücülərdən rüşvət alması ilə bağlı internetdə yayılan video görüntülərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov bildirib ki, qeyd olunan video görüntülər onlara məlumdur.Onun sözlərinə görə, ötən il korrupsiya hüquqpozmaları ilə mübarizə tədbirlərinin daha da gücləndirilməsinə başlanandan sonra korrupsiya hüquqpozmaları ilə əlaqədar DİN-in aidiyyatı qurumları tərəfindən respublika üzrə 46 fakt aşkar olunub. Bu faktlar üzrə 60-dan çox əməkdaş barəsində tədbirlər görülüb. Aşkarlanmış 46 faktdan 43-ü dövlət yol polisi ilə bağlı olub ki, bu faktlar üzrə 60 yol polisi əməkdaşı barəsində tədbirlər görülüb. Onlardan 35 nəfəri daxili işlər orqanlarından xaric edilib, 22 əməkdaş tutduğu vəzifədən azad olunub, 3 nəfər barəsində isə digər inzibati tədbirlər görülüb.E.Zahidov korrupsiya hüquqpozmaları ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin nəticələrinin bir il əvvəl ilə müqayisə edərək bildirib ki, 2010-cu ildə korrupsiya hüquqpozmaları üzrə yol polisi əməkdaşları ilə bağlı cəmi 5 fakt aşkar edilib və nəticədə 6 nəfər daxili işlər orqanlarından xaric olunub.İnternetdə yayımlanan görüntülərə gəlincə, E.Zahidov vurğulayıb ki, bu cür xəlvəti çəkilişlər DİN-in aidiyyatı qurumları tərəfindən mütəmadi olaraq həyata keçirilib. Belə ki, 2011-ci il ərzində müşahidə kameralarından əlavə olaraq korrupsiya hüquqpozmalarına qarşı mübarizə məqsədi ilə 55 xəlvəti əməliyyat çəkilişləri aparılıb, bunların nəticəsində 40 nəfərdən çox əməkdaş cəzalandırılıb.E.Zahidov bildirib ki, internetdə sonuncu yayılan görüntü ilə əlaqədar isə DİN rəhbərliyinin göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsində və nazirliyin digər aidiyyatı xidmət sahələrində araşdırmalara başlanıb. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək.Qeyd edək ki, ötən gün internetdə yol polisi əməkdaşlarının qayda pozan sürücülərdən rüşvət almasını özündə əks etdirən video görüntülər yayılıb.