Rövnəq Abdullayev: 'Rusiya hökumətinin bu müqaviləni ləğv etməsi Azərbaycan tərəfi üçün gözlənilməz deyildi'

İQTİSADİYYAT
19:10 15.05.2013
1906

Rusiya hökumətinin bu müqaviləni ləğv etməsi Azərbaycan tərəfi üçün gözlənilməz deyildi.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə Rusiya baş naziri Dmitri Medvedevin sərəncamı ilə Azərbaycanla Rusiya arasında 1996-cı ildə neftin tranziti barəsində sazişin birtərəfli qaydada dayandırılması ilə bağlı deyib.Onun sözlərinə görə, bu məsələ ilə bağlı SOCAR və “Transneft” arasında müzakirələr artıq bir neçə ildir davam edirdi.R.Abdullayev bunun iqtisadi qərar olduğunu və burada heç bir siyasi amilin olmadığını əlavə edib: “Bu, iqtisadi qərardır və biz bunu anlayışla qarşılayırıq”.Şirkətin prezidenti qeyd edib ki, neftin tranzit nəqli ilin sonunadək eyni şərtlərlə davam edəcək, paralel olaraq ilin sonunadək neftin Rusiya ərazisi ilə nəqlinin kommersiya şərtləri ilə həyata keçirilməsi ilə bağlı da danışıqlar aparılacaq.Onun sözlərinə görə, tərəflər arasında bununla bağlı razılıq əldə olunarsa, artıq 2014-cü ildən Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli kommersiya şərtləri əsasında davam etdiriləcək.R.Abdullayev qeyd edib ki, neftin kommersiya şərtləri əsasında tranziti zamanı nəqletmə tarifləri indikindən (15,67 dollar/ton) daha yüksək ola bilər, amma hər şey danışıqlardan asılı olacaq.Onun sözlərinə görə, Azərbaycan tərəfi bu danışıqlarda bəzi məsələləri, o cümlədən keyfiyyət bankı məsələsini qaldırmaq niyyətindədir:“Belə ki, Bakı-Novorossiysk kəməri ilə Azərbaycan nefti ilə yanaşı, Rusiyanın “Urals” və Qazaxıstan nefti nəql olunur. Nəql prosesində neft sortları bir-birinə qarışdığına görə, nəticədə daha keyfiyyətli olan Azərbaycan nefti Novorossiyskdən keyfiyyətcə aşağı və qiyməti nisbətən ucuz olan “Urals” markası adı ilə satılır. Bu da Azərbaycan tərəfinin itkilərinə səbəb olur. Biz baxacağıq, əgər sərfəli olsa, bu işi davam etdirəcəyik” - deyə, o əlavə edib.Rusiyanın müqaviləni ləğv etməsinin Azərbaycan neftinin dünya bazarlarına nəqlində hər hansı problem yaradıb-yaratmayacağına gəlincə isə, R.Abdullayev bildirib ki, Azərbaycan neftinin dünya bazarlarına nəqlində heç bir problem olmayacaq.Onun sözlərinə görə, Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, eləcə də dəmiryolu ilə nəqli üçün imkanlar var.Şirkət prezidenti qeyd edib ki, Bakı-Ceyhan kəməri öz gücünün 70-80%-i ilə, Bakı-Supsa isə 80%-i ilə işləyir:“Biz Bakı-Novorossiysk kəmərini Azərbaycanın neftinin nəqlində diversifikasiya imkanlarından biri kimi qəbul edirik və bir neçə ildir ki, bu kəmərlə neftin nəqli də diversifikasiya məqsədi daşıyıb”.Qeyd edək ki, Rusiya birtərəfli qaydada Azərbaycanla 1996-cı ildə bağlanan neftin tranziti haqqında sazişi dayandırıb.“Transneft”-in rəsmi nümayəndəsi Azərbaycanı Rusiya ilə 1996-cı ildə neftin tranziti barəsində müqaviləni yerinə yetirməməkdə ittiham edib.Şirkətin iddiasına görə, son beş il ərzində Azərbaycan bu hökumətlərarası sazişin şərtlərini yerinə yetirməyib, nefti sənəddə qeyd olunandan iki dəfə daha az nəql edib.Saziş 5 milyon ton Azərbaycan neftinin nəql olunmasını nəzərdə tutsa da, tədarük olunan faktiki həcm ildə 2 milyon tondan artıq olmayıb.Bu həcmdə olan tranzitdən əldə edilən gəlirlər “Transneft”-in boru kəməri sisteminin lazımi texnoloji vəziyyətdə saxlanması üçün tələb olunan məsrəflərini ödəməyib.Şimal boru kəməri adlandırılan Bakı-Novorossiysk boru kəməri Azərbaycan neftinin Rusiya ərazisindən keçməklə Qara dənizin Novorossiysk limanına nəqlini həyata keçirir. Bakı-Novorossiysk neft kəmərinin ümumi uzunluğu 1330 kilometrdir.Bu boru kəməri ilə ilk neft 1997-ci il oktyabrın 25-də dünya bazarlarına çıxarılıb.Ötən il Azərbaycan Dövlət Neft Şirkəti bu boru kəməri vasitəsilə 2,064 milyon ton xam neft ixrac edib

OXŞAR XƏBƏRLƏR