Kriminal aləmdə nüfuz sahibi olan azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin Moskvanın "Biryulevo" bazarına nəzarətinə son verdiyi bildirilir.
Lənkəranskiyə yaxın adamlar bunun əvəzində onun digər bir böyük ticarət mərkəzinə - Kunsevo bazarında nəzarəti ələ aldığını elan ediblər.
Moskva hüquq-mühafizə orqanları isə bundan ciddi narahatdır, onlar cinayətkar aləmdə yeni müharibənin başlayacağından ehtiyatlanır. Çünki əvvəllər Pokrov bazarında nəzarəti bölüşdürən bir neçə cinayətkar qruplaşma da istiqamətini Kunsevoya tərəf dəyişib. Əsasən, meyvə-tərəvəz məhsullarının topdansatışının həyata keçirildiyi Pokrovda nüfuzlarını sübut etmək üçün bu cinayətkar dəstələrin 10-larla qurbanı olub. Kunsevoda bir neçə "qanuni oğru"nun göründüyü deyilir. Artıq ilk qurban da var. Kriminal aləmin məşhurlarından hesab edilən Gürcüstan vətəndaşı İlqar Çıldırlı bir neçə gün əvvəl qətlə yetirilib. Keçən ilin oktyabrında Pokrovdakı "Biryulevo" bazarının məlum hadisələrə görə bağlanmasından sonra buraya nəzarət edən kriminal dairələr ərazini tərk edib. Bu müddət ərzində bu cinayətkar qrupların fəaliyyəti barədə polisə heç nə məlum olmayıb. İndi onlar yenə gündəmə gəliblər. Kunsevodo ilk görünən "qanuni oğru"ların Lənkəranski ləqəbli Rövşən Caniyevə yaxınlıqlarının olduğu deyilir. Adıçəkilən bazarda İlqar Çıldırlının öldürülməsini də Rövşən Caniyevin sifariş etdiyi bildirilir. İki kriminal nüfuz sahibi arasında narazılıqlar olub. Çıldırlının bu yaxınlarda "qanuni oğru"kimi tacqoyma mərasimi də planlaşdırılıb. O, bir müddət əvvəl öz avtomobilində güllələnib. (APA TV)