Yazıçı-publisit Rafiq Tağı “Xural” qəzetinə musiqi və müğənnilərlə bağlı müsahibəsində müğənni Röya Ayxanın xeyriyyəçilik fəaliyyətindən danışıb. Bildirib ki, o, həbsdə olduğu müddətdə müğənninin 2200 dustağa sovqat payladığının şahidi olub.
“Mən Röyanı çox sevirəm. Həm yaradıcılığında ciddi olduğuna görə, həm də bir insan kimi. Bir dəfə belə bir söz demişdi: ”Mən oyunbazlıq edəndə də ciddi iş görmüş oluram". Sizə Röyanın başqa cəhətlərindən də danışmaq istərdim. Mən həbsdə olanda Röya bizə “peredaça” yollamışdı. Demək belə. “Bayıl”dayam. 2007-ci il - Novruz bayramı günüdür. Bir də gördük qapı şaqqıltıyla açıldı - hər dustağa iki dolu çanta, birində konfetlər, şəkərbura, paxlava və sair, digərində dəftərlər, qələmlər, corab, sabun, nə bilim nələr. Təcridxanadakı 2200 dustağın hər birinə ayrı-ayrılıqda bu cür hədiyyə dolu çantalar paylandı. Kim göndərib bunları - sən demə, Röya Ayxan. Hamı bir ağızdan “Röya, sağ ol!” qışqırırdı. Dustaqlar onu çox sevirdi. Çox mərd və ürəyiaçıqdır Röya".Bu məsələ ilə bağlı dünən müğənninin mətbuat katibi ilə əlaqə saxladıq. Mətbuat katibi Ülviyyə Alovlu təsdiq etdi ki, müğənni bu şəkildə xeyriyyəçiliyini davam etdirməkdədir: “O, xeyriyyəçiliyi özünün missiyası hesab edir. Röya əksər türmələrdə konsertlər verib, hədiyyələr paylayıb. Hesab edir ki, onlar da cəmiyyətin üzvləridir və onlara dəstək verilməlidir. Bundan başqa, onun 3-4 gün davam edən konsertlərinin ilk günləri pullu olub, qalanları xeyriyyə tədbirləri. Həmin ərəfələrdə Röyanın heç sponsoru yox idi, 22-23 yaşlı gənc qız öz şəxsi təşəbbüsü ilə bunları edirdi. Bu gün də davam edir. Kimsəsizləri əməliyyat etdirməkdən tutmuş, şəxsi himayəsində saxlamağa qədər. Hətta bir çox istetdadı olub, amma üzə çıxa bilməyən gənc müğənnilərə də kömək edir. Elə Rəhim Rəhimli ilə ”RR show” adlı sonuncu konsertində də o, bir neçə gənc müğənnini cəmiyyətə təqdim etdi".