Prezidentin bugünlərdə bir neçə müğənniyə verdiyi fəxri adlar siyahısında müğənni Röya Ayxanın adı olub, lakin sonradan çıxarılıb.
Qafqazinfo.az saytı yazır ki, əməkdar artist siyahısı hazırlanarkən populyar estrada müğənnisi Röyanın da sənədləri alınıb: “Hətta Röya əvvəlcə ad almaq üçün tələsmədiyini, bunun tez olduğunu bildirərək təvazökarlıq edib. Lakin onun etirazı nəzərə alınmayıb və təkidlə müğənnidən sənədlərini təqdim etmək xahiş edilib. Röya da sənədlərini Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib. Lakin adlarla bağlı sərəncam verildikdə Röyanın adı orada olmayıb”.
Sayt yazır ki, müğənninin adının üstündən xətt çəkilməsinə səbəb ifa etdiyi “Sənə görə” mahnısı olub: “Daha doğrusu, müvafiq dairədə Röyanın məhz sabiq deputat Hüseyn Abdullayevin mahnılarını oxuması faktı qabardılıb və onun ipə-sapa yatmadığı vurğulanıb. Bununla da sənətçinin adı siyahıdan çıxarılıb”.
Xəbərdə vurğulanır ki, müğənninin ifa etdiyi “Sənə görə” mahnısı internetdə 1 milyon dəfədən çox yüklənib: “Təkcə bu fakt onu deməyə əsas verir ki, sənətçi çalışıb xalqın artisti olmağı bacarmalıdır...”
Məsələ ilə əlaqədar müğənnin mətbuat katibi Ülviyyə Alovlu ilə əlaqə saxladıq. O, xəbərə təəccüblənib Röyanın bu məsələdən xəbərsiz olduğunu dedi: “Kiminsə fəxri ada layiq görülməsi üçün ondan hansı sənəd alınmalıdır ki?! Biz bu prosedurdan xəbərsizik. Müğənninin fəaliyyəti göz önündədir. Güman edirəm ki, onun da xidməti dövlət tərəfindən qiymətləndiriləcək. Bu il olmasın, gələn il olsun, yəqin növbəti dəfə Röyanın da adı fəxri ad alanlar siyahısına düşər”.
Müğənninin sabiq deputatla əməkdaşlığa görə “qara siyahıya” düşməsinə gəlincə isə Ü.Alovlu bunu mümkün saymadı: “O ki qaldı Röyanın ”Sənə görə" mahnısını ifa etməsi ilə bağlı deyilənlərə, bu, kiminsə yozmasıdır. Belə şey mümkün deyil".