Səfurə Əlizadə:“Sarı gəlin”i həmin libasda ifa etməməliydim".

ŞOU-BİZNES
11:44 12.02.2011
2025
Konsertdə 5 finalçıdan başqa, Gürcüstan təmsilçisi Sofia Nijaradze, San Marinonun “Eurovision-2011”də təmsil edəcək nümayəndəsi Senit Zadik, İsveçrənin “Eurovision-2011”-dəki nümayəndəsi Anna Rossinelli öz ifalarını təqdim etdilər. 

“Eurovision 2010” təmsilçimiz Səfurə Əlizadənin final konsertində çıxışı zamanı anlaşılmazlıq yaranıb. Safura əvvəlcə final konsertini ona "Eurovision"da beşincilik qazandıran “Drip Drop” mahnısı ilə açıb. Üç saatlıq konsert proqramının sonunda münsiflər heyətinin keçirdiyi məşvərət zamanı Səfurə Əlizadə yenidən səhnəyə çıxıb və digər mahnılarını ifa edib. Safura sən demə, ən son ifa etdiyi “Sarı gəlin” mahnısı üçün xüsusi libasda və performansla səhnəyə çıxmalı imiş. Lalin gənc ifaçı "Sarı gəlin" üçün milli kostyumda, xüsusi performansda deyil, pop musiqi janrını ehtiva edən səhnə geyimində qaldı. 

Safura bu məsələyə aydınlıq gətirib. O, sosial şəbəkələrdəki rəsmi fan səhifələrində konsertdə yaranan vəziyyətlə bağlı açıqlama verib: 
“Xalq mahnımız “Sarı gəlin”i həmin libasda ifa etməməliydim. Buna görə Sizdən üzr istəyirəm. Əslində dünən həmin mahnını ümumiyyətlə, ifa etməyəcəkdim. Bu, planlaşdırılmamışdı. Ümid edirəm, məni başa düşərsiniz. Sizin ümidlərinizi doğrultmağa çalışacam” – deyə, Səfurə Əlizadə bildirib. 

Münsiflər heyətinin qərarı gec verməsi tamaşaçıları və finalçıları xeyli intizarda saxlayıb. Fasilə dövründə münsiflərin rəyini gözləyən tamaşaçılar üçün Səfurə Əlizadə üç mahnı ifa edib, daha sonra isə müxtəlif ölkələrin “Eurovision” təmsilçilərinin klipləri yayımlanıb. 

Nəhayət, uzun sürən məsləhətləşmələrdən sonra Azərbaycanı "Eurovision - 2011"də təmsil edəcək nümayəndənin adı açıqlanıb - Eldar Qasımov və Nigar Camal.
Məlumat üçün bildirək ki, milli final konserti Azərbaycanın İctimai Televiziyası ilə yanaşı, Eurovision TV, TRT və Gürcüstanın İctimai Televiziyası ilə də canlı yayımlanırdı.
OXŞAR XƏBƏRLƏR