Səhər müəllim, axşam kloun: “Ayda 1000 manat qazanıram, amma...”
MARAQLI
14:05 11.05.2011
2213
Bir az şitlik, bir az zarafat... bircə anda həmin böyüklərin utanıb pərt olması ilə nəticələndi. Ardınca isə qanqaralıq - məclisdən sonra klounu bu şitliyinə görə döymək istəyən kim, aranı qızışdıran kim. Əslində isə onlar məclisi əyləndirmək üçün təşrif buyurmuşdular guya.
Adına kloun dediyimiz məslək bizdə layiqincə icra olunmur, yoxsa biz böyüklər komplekslərdən qurtula bilmirik? Son illərin populyar məsləyi ilə bağlı bilmədiklərimizi öyrənmək istədik... Tiririka, Cicu-Bicu, Jajik, Şurum-Burum... Bunların hamısı saç-saqqal basmış kişilərdir. Biri müəllim işləyir, o biri taksi sürücüsü, bir başqası isə İncəsənət Universitetinin məzunudur. Amma tale onları bir məslək ətrafında birləşdirib. Hamısı indi klounluq edir. Azərbaycanda son 10 ildə ən populyar məsləklər sırasında klounluq gəlir. Bəlkə də inanmayacaqsınız, amma onların arasında qul bazarında dayanıb ümidsiz halda müştəri gözləməkdənsə gedib 15 dəqiqəyə 10-15 manat (ən azı ha) qazananlar, evinə çörək aparmaq istəyənlər də var. Yazımın qəhrəmanları ilə görüşənə qədər mən də bunları bilmirdim. Üstəlik, xəbərim də yox idi ki, uşaqlar məclisə kloun çağıran böyüklərin yanında toya getməlidir. Klounlar ən çox uşaq sahiblərindən, bəzən babalardan, içkili “dayı-əmi”lərdən əziyyət çəkir. Bir gün ərzində bir neçə klounla danışıb onlarla görüşdüm. Dediyim kimi, əksəriyyətə də fərqli sahələrdə çalışdıqları üçün adlarının qəzetdə hallandırılmasını istəmədilər.
“Mən qonaqları tənqid edirəm, təhqir yox”
26 yaşlı Vüsal isə 16 yaşından başladığı bu işlə bağlı hamıdan məlumatlı və cəsarətli çıxdı. Müsahibim İncəsənət Universitetinin məzunudur, ünlü aktyor Kamal Xudaverdiyevin tələbəsi olub. 10 il öncə tələbə olanda əlavə pul qazanmaq üçün bu işə başlayıb. “Cocuqlar duymasın”ın qəhrəmanı demişkən, başlama o başlama, partladı getdi... Vüsal öz sənətini ciddi hesab etmir. Onun fikrincə, indi ölkədə teatr, kino industriyası geniş inkişaf etmədiyi üçün klounluğa axın başlayıb: “İnanmıram ki, kimsə teatr, kino səhnəsində olmaqdansa sünnət toyunda, ad günündə klounluq etməyə üstünlük versin. Amma insan çörəyini yediyi işi, sənəti gərək inkişaf etdirsin. Bununçün də böyük istedad lazımdır. Hər İncəsənət Universitetini bitirən klounluq edə bilməz. Gərək tamaşaçının psixologiyasını biləsən, onun nəbzini tutasan. Təbii ki, biz ən çox sünnət toylarına gedirik. Orda da təkcə uşaq olmur ki... Böyüklər də əylənib sevinməlidir. Məsələn, mən daha çox tənqidə üstünlük verirəm. Amma həddimi aşmadan, təhqirə keçmədən. Adama baxırsan, dərhal nəsə tapıb insanları güldürməlisən. Amma elə etməlisən ki, heç kim inciməsin, özünü təhqir olunmuş saymasın”.
“Bəzən klounu məclisdən sonra elə döyürlər ki...”
Vüsal danışır ki, çox vaxt klounların bəzisi bu həddini aşdığı üçün toylardan sonra dava-qırğın düşür: “Siz görəsiniz, klounlara görə nə davalar yaşanır. Bəzən bir neçə cavan bir yazıq klounun üstünə düşür, döy ki, döyəsən. Bizim həmkarlarımız da gərək buna şərait yaratmasın. Nəzərə alınmalıdır ki, restoranlar ailəvidir, ciddi insanlar qohum-əqrəbası ilə məclisə gəlib. Onu pərt edirsənsə, il uzunu o qohumların arasında lətifə kimi danışılır. Həmin adam da bunun acığını elə kloundan çıxır. İçkili adamdan başqa hansı davranış gözləmək olar ki?” Müsahibim bəzi məsləkdaşlarının bu işi cılızlaşdırdığı qənaətindədir. Onun sözlərinə görə, kimdənsə şirinlik qoparmaq üçün onun masasına yaxınlaşan kloun nəticədə özünü də, digər kolleqalarını da alçaldır: “Biz sırf uşağı əyləndirmirik axı. Tutaq ki, zalda cəmi 3 uşaq var. Qalan 300 nəfər isə böyükdür. Proqramı doldurmalısan. 3 uşaqla proqram dolar? Buna görə də kloun böyükləri əyləndirməyə çalışanda bəzən əndazəsini aşır, ya pul, ya da şirinlik istəyir. O zaman da içkili adam klounu müxtəlif formada təhqir edir”. Klounluq deyib keçməyin. İndi bu sahədə də güclü rəqabət var. Müsahibim deyir ki, bəzən bircə ay darıxıb bazardan əl çəkən kimi kimlərsə sənin yerini doldurmağa çalışır, səni unutdururlar. Vüsal ona hər gün dəvət gəldiyini deyir. Özü də bəziləri kimi sənətini ucuz qiymətə satmır: “Bazarda 7 manata da klounluq edən var, 15 manata da. Onlar bu işi ancaq dolanışıq naminə edirlər. Mənsə İncəsənət Universitetini qurtarmışam, heç vaxt boş dayanmıram. Öz üzərimdə işləyirəm və sənətimə vaxt, enerji sərf edirəm. Biz daha çox restoranlarla işləyirik, onlar da hər dəvətə görə 50 manat alırlar - 30-u bizim, 20-si isə restoranın olur. Bəzi klounlar var ki, özləri İncəsənət Universitetini bitiriblər. Gün ərzində 5-10 dəvət gəlir. Özü çatdıra bilmir. Sifarişçini əlindən buraxmamaq üçün qohum-əqrəbasını da komandaya salır. Gündüz müəllim, axşam klounluq edənlər da var bizim sektorda. Adətən klounun biri məclisi idarə edir, o biri isə sadəcə yardımçı işlər görür deyə çətinlik yaranmır”. Vüsalın yaşadığı ən böyük problem yaşlı qonaqlarla bağlı olur. Daha dəqiq desək, müsahibim uşaqların əlindən o qədər əziyyət çəkmir, nəinki böyüklərin: “Bir də görürsən, bir qonaq yaxınlaşır, əlində də pul. Deyirlər ki, filankəsə yaxınlaş və zarafat elə. Sən də yaxınlaşıb zarafat edəndə məlum olur ki, bu adam çox hörmətli bir iş adamı, vəzifə sahibi imiş. Cangüdənləri, yaxınları adamı elə günə qoyurlar ki, doğulduğun günə lənət edirsən. Ona görə son dövrlər bu cür təklifləri qəbul eləmirəm. Yoxsa başım ağrıyar”.
“Rayon uşaqlarını əyləndirmək daha asandır, nəinki şəhərliləri”
Vüsal digər qeyri-ciddi təkliflərlə başı ağrımasın deyə optimal variant tapıb. Deyir ki, çıxış üçün növbəsi çatanda zala foyedən yox, birbaşa restoranın mətbəxindən daxil olur: “Mən tamaşaçı ilə öz aramda pərdə qoymalıyam. Sən restoranın foyesində şitlik edəndə mütləq kimsə yaxınlaşıb sənə axmaq söz deyəcək. Ona görə də səhnəyə mətbəxdən gəlirəm. Mahnının içində də sağollaşıb zaldan ayrılıram”. Doğrudur, Vüsal uşaqlar arasında ayrı-seçkilik etmir. Amma hesab edir ki, indi rayon uşaqlarını, rayon adamlarını əyləndirmək daha zövqlüdür: “Onlar daha sadəlövhdürlər deyə əylənirlər. Hər şeyə maraqla baxırlar. Amma şəhər uşaqları çoxbilmişdi. Heç biri milli mahnıları oynamaq istəmir. Mahnı qoyursan, başlayırlar mızıldamağa ki, kəs onu. Əvəzində Şakiranı, ya da Madonnanı qoy. Ya da onlara müəyyən pariklər, paltarlar verirəm ki, bizim müğənniləri parodiya etsinlər. Deyirlər, biz Azərbaycan müğənnilərini parodiya etmirik, ancaq xariciləri istəyirik”.
“İçkili kişilər dartıb 20 ”burnumu" qoparıblar"
Bununla belə, kloun uşaqlardan az narazıdır. Deyir, onlar daha çox klounun burnunu qoparmaq istəyir. Amma başa salanda ki, burnu qoparmaq olmaz, bunu anlayırlar: “Bu günə kimi 20 ”burnum" sınıb. Amma bunların heç birini uşaqların üstünə ata bilmərəm. Kök, içkili kişilər dartıb qoparıblar burnumu". Bu arada... Bəzən klounları sırf böyüklərin məclislərinə də dəvət edirlər. Vüsal deyir ki, ekzotika, sürpriz, fərqlilik sevən insanlar məclis düzənləyir, ora da kloun çağırırlar: “Bir dəfə bizi bir məclisə çağırmışdılar. Getdik ki, 60 yaşlı bir imkanlı məmurun ad günüdür. Qonaqlar da varlı, vəzifəli adamlar da. Çoxunu da televizordan görmüşdüm. Çaşdım qaldım ki, mən belə adamları necə güldürüm. Amma oyunlar qurdum, priz təklif elədim. Gördüm ki, reaksiyalar gəlir. Hətta orta yaşlı xanımlardan biri bizimlə birgə ayaq üstə idi, əylənirdi. Axırda yaşlı bir qadın çıxdı - yəqin ya anası, ya da qayınanası idi - dedi, ayıbdır, otur yerinə, qohumlar nə deyər. Belə hallar da olur. Amma kampaniya ”svoyski"dirsə, gələnlərin ruhu gəncdirsə, onu idarə etmək də mümkün olur". Kloun müsahibim uşaqlarla işlədiyi üçün gigiyenaya xüsusi fikir verir. Dediyinə görə, bəzi məsləkdaşları aylarla eyni paltarı geyinir, hətta onu yumurlar da: “Halbuki bu paltar hər gün yuyulub havaya verilməlidir. Adam tərləyir, uşaq onun yanında necə dayansın?”
“Ayda 1000 manat qazanıram, amma...”
Ayda 1000 manata yaxın qazancı olsa da Vüsal teatr, kino industriyası inkişaf edəcəyi təqdirdə klounluqdan əl çəkəcək. Utandığına görə yox, yorulduğuna görə: “Bütün qohumlarım, yaxınlarım bilir ki, mən klounluq edirəm. Amma adamlar var ki, bunu gizlədirlər. Fikirləşirlər ki, makiyajla, burunla özümü gizlədəndən sonra kim nə biləcək. Komandamızda elə uşaqlar var, az qala yalvarırlar ki, burda işlədiyimizi heç kimə demə. Fikirləşirlər ki, yəqin valideynləri gələcəkdə kiminsə evinə elçi gedəndə ”oğlunuz nə iş görür" sualına “kloundur” cavabı verməyə utanar. İnsanın gələcəyi haradansa açılmalıdır. Müxtəlif yarışmaların qalibləri var ki, onlar da klounluq edirlər. Burda utanılası nə var axı?!"
Son söz. Sirkdə görmüş olarsınız. Güləndə ya da ağlayanda gözündən şəlalə kimi su çıxan klounlar olur. Pafossuz, amma yazıdan da gördünüz - bizdə klounların halı həqiqətən ağlamalıdır. Əlində müəllim diplomu olan adamı klounluğa məcbur edən zəmanə daha ağlamalı olsa da...