Kanal ölkədə baş vermiş kiçicik narazılığı və problemi şişirtməyə, milli azlıqların məskunlaşdıqları ərazilərdəki kiçik kriminal hadisələr az qala etnik qarşıdurma kimi qələmə verilir. Özünü Ermənistanın bölgədə ən yaxın dostlarından biri, bəzi hallarda isə birincisi kimi aparan İran İslam Respublikasının bu kanalı əslində ölkənin rəsmi dairələrində mövcud olan əhval-ruhiyyənin daşıyıcısıdır. Guya dövlətin nəzarətində olmayan bu kanalın bütün işçi müşavirələrini İran İslam Respublikasının ideoloji siyasətinə rəhbərlik edən şəxslər aparır və hər ayın sonunda efir məhsullarının siyahısı hazır materiallarla birlikdə yuxarılara təqdim olunur.
“Səhər-2” kanalının indi daşıdığı funksiyalar “Amerikanın səsi” və “Azadlıq” radiolarının Sovet İttifaqına qarşı apardığı ideoloji siyasətin oxşarından başqa bir şey deyil. Hər gün dövlətimizə çirkab yağdıran, vətəndaşda öz dövlətinə qarşı inamsızlıq yaratmağa yönələn efir “Səhər” kanalının ölkəmizə arzuladığı zülmətdən xəbər verir.
Xatırladaq ki, Azərbaycanın Birləşmiş Ştatlar və İsrail ilə adi münasibətlərini belə az qala Bakının Tehrana qarşı açıq düşmənçiliyi kimi qəbul edən kanal İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri ərəfəsində təxribat xarakterli videoçarx yayımlamaqla, dövlətimizin ali rəmzlərini təhqir etməkdən belə çəkinməmişdi.
“Səhər” telekanalı 2009-cu ildə Türkiyə-Ermənistan yaxınlaşması ilə bağlı proseslərin getdiyi bir vaxtda bundan da maksimum yararlanmağa çalışdı. Azərbacanla Türkiyənin arasını vurmaq üçün əməlli-başlı dəridən-qabıqdan çıxdı. Telekanal hər nə yolla olsa da, iki qardaş xalqın arasını vurmaq üçün jurnalistikanın prinsiplərinə zidd olan yalan məlumatlar yaymaqdan da çəkinmədi.
İranın Azərbaycandakı səfirliyinə bununla bağlı etirazımızı bildirəndə isə eşitdiyimiz cavab bu oldu ki, “biz kütləvi informasiya vasitələrinin işlərinə qarışmırıq”. Və bunu bizə o səfirlik deyir ki, müstəqil telekanal olan ANS-in efirində İranla bağlı yüngülcə bir tənqidə yol verəndə, ya reportajı hazırlayan jurnalistə zəng vuraraq, ya da rəsmi məktubla buna etirazlarını bildirirlər. İndi gəlin özünüz nəticə çıxarın. Əgər İran rəsmiləri başqa bir ölkənin özəl telekanalına irad bildirmək cəsarətini özlərində tapırlarsa, necə ola bilər ki, öz ölkələrinin kütləvi informasiya vasitələrinin işinə qarışmasınlar? Hər-halda bildiyimiz odur ki, “Səhər” telekanalının fəaliyyətilə bu ölkənin başçılarının bəyanatları heç üst-üstə düşmür. Mahmud Əhmədinejadın bu sözlərini xatırlamaq kifayətdir: “Azərbaycanın inkişafı bizim inkişafımızdır. Biz iki qardaş dövlətik və bu qardaşlıq davam edəcək”. /// ANSPRESS