“Sabah” - “Barselona” matçından sonra nağd pul problemi: İnsanlar yolda qaldı

“Sabah” - “Barselona” matçından sonra nağd pul problemi: İnsanlar yolda qaldı
SOSİAL
13:32 26.11.2026
130
Dünən keçirilən "Sabah” – "Barselona” matçından sonra diqqətçəkən bir vəziyyət yaranıb. Belə ki, bəzi özəl avtobuslar, taksilər və qida satışı ilə məşğul olan obyektlər ödəniş üçün yalnız nağd pul tələb edirdi. Nəticədə üzərində nağd pul olmayan, yalnız bank kartından istifadə edən bir çox insan yolda qalmaq məcburiyyətində oldu.

Bu hadisə ölkədə nağd pul dövriyyəsi və nağdsız ödəniş sisteminin əlçatanlığı ilə bağlı bir sıra suallar yaradıb. Azərbaycanda nağd pul çatışmazlığı riski varmı? İri tədbirlər və kütləvi insan axını zamanı yalnız nağd ödəniş tələb olunması nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda nağd pul çatışmazlığı riski ilə həmin hadisəni əlaqələndirmək düzgün olmaz:

"Burada söhbət daha çox ödəniş infrastrukturunun bütün xidmət sahələrini əhatə etməməsindən və nağdsız ödəniş vərdişlərinin hələ tam formalaşmamasından gedir. Ölkədə kifayət qədər nağd pulun dövriyyədə olması başqa, insanların istənilən xidmət üçün kartla ödəniş edə bilməsi isə tamam başqa məsələdir.
İri kütləvi tədbirlər zamanı yaranan insan axını nəqliyyat, taksi və qida satışı xidmətlərinə tələbatı kəskin artırır. Belə şəraitdə yalnız nağd ödəniş tələb edilməsi vətəndaşlar üçün əlavə çətinlik yaradır. Xüsusilə insanların üzərində nağd pul olmadığı halda alternativ ödəniş imkanının təqdim edilməməsi xidmətin əlçatanlığını məhdudlaşdırır. Halbuki müasir dövrdə sahibkarların həm nağd, həm də nağdsız ödəniş qəbul etməsi normal praktikaya çevrilməlidir”.

Ekspertin sözlərinə görə, nağdsız ödənişlərin genişlənməsi təkcə vətəndaşların rahatlığı baxımından deyil, iqtisadiyyatın şəffaflığı üçün də vacibdir:

"Kartla ödənişlər satışların və xidmət dövriyyəsinin uçotunu asanlaşdırır, vergidən yayınma imkanlarını azaldır və nağd pulun daşınması ilə bağlı riskləri minimuma endirir. Eyni zamanda, elektron ödəniş sistemlərinin inkişafı iqtisadiyyatda pul dövriyyəsinin daha səmərəli təşkilinə kömək edir.
Bununla belə, nağdsız ödənişlərin genişlənməsi üçün sahibkarların üzləşdiyi texniki və maliyyə çətinlikləri də aradan qaldırılmalıdır. POS-terminalların əlçatanlığı artırılmalı, mobil ödəniş imkanları genişləndirilməli, xüsusilə kiçik sahibkarlar üçün komissiya və xidmət xərcləri münasib səviyyədə olmalıdır. Əsas məqsəd vətəndaşın harada olmasından və hansı xidmətdən istifadə etməsindən asılı olmayaraq, ona rahat ödəniş imkanı yaratmaqdır”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR