“Sabah” – “Barselona” oyunu Azərbaycan futboluna nə verdi?

“Sabah” – “Barselona” oyunu Azərbaycan futboluna nə verdi?
İDMAN
13:03 26.11.2026
176
Dünən Bakıda futbol üzrə maraqlı qarşılaşma baş tutub. UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi "Sabah” İspaniyanın nəhəng klubu "Barselona” ilə üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda keçirilən görüş qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Tarixi əhəmiyyət daşıyan qarşılaşma azarkeşlərin böyük marağına səbəb olub. Minlərlə futbolsevər dünya futbolunun nəhəng klublarından biri olan "Barselona”nın oyununu canlı izləmək üçün stadiona axışıb. Tribunlarda yaşanan izdiham və futbol ab-havası gecəni Azərbaycan futbolu üçün yaddaqalan hadisələrdən birinə çevirib.

Bəs bu oyun Azərbaycan futboluna nə verdi?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında "Səbail" futbol klubunun sabiq baş məşqçisi Şahin Diniyev bildirib ki, dünənki oyun Azərbaycan futboluna, əsasən də azarkeşlər baxımından çox şey qazandırdı:

"”Barselona” dünyanın aparıcı klublarından biridir və ulduz futbolçularla dolu komandadır. Lamin Yamalın gəlməməsi, bəzi azarkeşləri bir qədər məyus etdi. Çünki onlar onu da canlı görmək istəyirdilər. Bununla belə, "Sabah”ın "Barselona” kimi bir komandanı Bakıya gətirməsini alqışlayıram. Bu cür oyunlar Azərbaycan futboluna kütləviliyi, futbola sevgini və azarkeş mədəniyyətini gətirir. İnsanlar belə futbolçuları və komandaları televiziya vasitəsilə deyil, canlı izləmək imkanı əldə edirlər. Elə insanlar var ki, "Barselona”nı canlı görmək üçün minlərlə kilometr məsafə qət edərək başqa şəhərlərə gedirlər. Ancaq bu dəfə onlar həmin komandanı Bakıda izləmək imkanı qazandılar. Bu oyun həm "Sabah”a, həm Azərbaycan futboluna, ən çox da azarkeşlərə böyük töhfə idi. Azarkeşlər futboldan həzz aldılar, dünya səviyyəli futbolçuların oyununu canlı izlədilər. "Sabah” üçün isə bu qarşılaşma həm təcrübə, həm də bir imtahan idi. Komanda belə rəqiblərlə oynayarkən hansı səhvlərə yol verdiyini, gələcəkdə nələrə diqqət etməli olduğunu görmək imkanı qazandı”.

Ekspert əlavə edib ki, "Sabah” maksimum dərəcədə üzərinə düşən vəzifəni yerinə yetirmişdi:

"Çempionlar Liqasında iştirak etmək də hər komandanın bacardığı iş deyil. "Sabah” bunu bacarıb. Belə oyunlarda isə əsas məqsəd həzz almaq və rəqib qarşısında aciz görünməməkdir. Düşünürəm ki, "Sabah” da aciz görünmədi. Sadəcə, burada keyfiyyət və səviyyə fərqi var idi. "Barselona” bu baxımdan üstünlüyünü ortaya qoydu. Oyuna gəldikdə isə ilk dəqiqələrdə "Sabah” müdafiədən oynamağa üstünlük verirdi və rəqibə boşluqlar verməməyə çalışırdı. Əsas məqsədlərindən biri də "Barselona”nı öz meydançasında qarşılamaq, ona pressinq tətbiq etmək və rəqibin cərimə meydançasına yaxınlaşmasının qarşısını almaq idi. Çünki "Barselona” həmin zonalara yaxınlaşdıqda daha təhlükəli ötürmələr və qol vəziyyətləri yarada bilərdi. "Sabah” gücü çatdığı qədər mübarizə apardı, müqavimət göstərdi. Ancaq "Barselona” tamamilə başqa səviyyədə olan komandadır”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR