Üzülməyək…
Yaxşı bir təcrübə oldu. Buna indi də ehtiyac vardı, bundan sonra da çox ehtiyac olacaq. Bu matçda komandamızda çatışmayan əsas şey məhz bu idi. Təcrübə çatmadı.
Oyunun əvvəlində yaxşı mübarizə apardıq. Hətta adlı-sanlı rəqiblə bərabər, başabaş idik, potensial təhlükəli hücumların yaranma şansı daha çox bizdə idi, nəinki onlarda. Xüsusilə Kahim Parrisin səhv qərarları qol həmlələrimizin başlanğıcda bitməsinə gətirib-çıxarırdı. Növbəti səhv isə qapımızda top görməyimizi "təmin etdi". Sonrası artıq məlumdur. Çox irəli gedib qolun əvəzini çıxmağa çalışdıq ki, MY də bunu gözləyirdi. İşi fasiləyə qədər həll etdilər, 2-ci yarıda isə çox şey dəyişmədi.
"Mançester Yunayted" böyük klubdur, böyük ustalardan qurulmuş heyəti var, öz azarkeşləri önündə, əfsanəvi "Old Trafford"da necə oynamaq lazım idisə, elə də edib gözəl, rahat qələbə qazandılar. Müdafiədə pressinqin altından çıxarkən heç bir çətinlik yaşamadılar, orta xətti və bununla da oyunun ipini əldən vermədilər, düşən real şanslardan da yaxşı yararlandılar. Tam bir klass, səviyyə nümayiş etdirdilər. Rəqib olsalar da, izləmək böyük zövq idi.
"Sabah" isə önünə baxmalıdır. Çatışmazlıqlar var, amma olmasaydı da nəticə qazanmağımıza çox kömək edə bilməyəcəkdi. Əsas odur ki, rəqibdən qorxmadıq, istəkli oynadıq, güc yetdiyi qədər təzyiq göstərməyə çalışdıq, müdafiəyə qapanmadıq. Dambrauskas sanki bu matçda növbəti, daha dişimizə görə olan rəqiblərlə oyunun məşqini etmiş oldu. Bəli, hesab arasındakı fərq çox oldu, amma "Qarabağ" da ilk ÇL mövsümündəki başlanğıc matçına İngiltərədə böyükhesablı məğlubiyyətlə başlamışdı. Ötən mövsüm dünyanı təəccübləndirəcək səviyyəyə qədər yüksəlməyi bacardı. Çünki təcrübə qazanılmış, səhvlərdən nəticə çıxarılmış, böyüyə bilinmişdi. "Sabah" da həmin yolu gedə bilər.
Əsas buna inanmaqdır.
Kənan Məstəliyev,
İdman yazarı











































