““Sabah” qəzetində dərc edilən siyahı təəssüf doğurur. Çünki bu mətbu orqanın dünya arenasında özünəməxsus yeri və rolu olduğu hər kəsə məlumdur”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, bu qəzet nəşr olunduğu dövürdən beynəlxalq məsələlərə, ayrı-ayrı dövlətlərin siyasi həyatına bələdçiliyə müəyyən imkanlar qazanıb: “Orada çalışan hər bir jurnalistin prosesləri araşdırmağa imkanı var. Bu baxımdan hər hansı bir materialı dərc etməzdən öncə jurnalist müəyyən məsələləri araşdırmalı, daha sonra yazını dərcə verməli idi. Dağlıq Qarabağ necə müstəqil dövlətdir ki, bunu dünyanın siyasi xəritəsində tapmaq mümkün deyil? Bu onların ermənilərə simpatiyalarının göstəricisi sayıla bilər”.
Millət vəkili qeyd edib ki, sözügüdən qəzet rəhbərliyi təkzib xarakterli yazı verməli və Azərbaycandan üzür istəməlidir: “Dağlıq Qarabağ ermənilər tərəfindən işğala məruz qalmış ərazidir. Nəzərə alsınlar ki, Dağlıq Qarabağın saxta dövlətçiliyini Ermənistan parlamenti gündəmə gətirsə də reallaşdırmaq mümkün olmayıb. Bunlar hansı sənədə əsasən Dağlıq Qarabağı müstəqil dövlət kimi siyahıya salıb onunla bağlı açılama versin”.
Qeyd edək ki, Türkiyənin məşhur “Sabah” qəzetində müstəqil dövlətlərin siyahısı dərc olunub. Burada Azərbaycanın ayrılmaz hissəsi olan, ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağ da müstəqil dövlət kimi göstərilib.