Eks-spiker Rəsul Quliyev Milli Şuraya yönəlik tənqidlərini daha tünd rənglərlə davam etdirir.
AZXEBER.COM xəbər verir ki, R.Quliyev publika.az portalına müsahibəsində Milli Şuranı özünün gələcəyini müzakirə etməyə çağırıb:
“İndiki vəziyyətdə nəinki parlament, kolxoz idarə heyəti səviyyəsinə düşmüş Milli Şurada sədr problemi nəyə görə belə mərkəzi məsələyə çevrilib, səbəb nədir?
Səbəb birdir, gələcəkdə nə edəcəklərini bilmirlər, ona görə də camaatın başını bununla qatırlar. Milli Şura özünün gələcək işinin nədən ibarət olduğunu müzakirə etməmiş heç bir sədr məsələsinə baxmamalıdır, ən azı onlara ümidlə baxan insanlardan utanmaq lazımdır.
Onlarla səmimi olmaq lazımdır. Əgər Milli Şura doğrudan da lazımlı bir təşkilat olduğunu sübut edə bilsə, onun sədrinin kim olmasının nə böyük əhəmiyyəti vardır.
Cəmil müəllimə mənim böyük hörmətim var və onu ləyaqətli insan hesab edirəm. Ancaq Cəmil müəllimin xalqı ayağa qaldırmaq şansına malik bir lider olduğuna inanmıram.
Cəmil müəllimdənsə R.İbrahimbəyovun sədr qalması Milli Şuranın sanbalını daha çox artırar. Ancaq bu ortaya çıxarılıb müzakirə ediləcək problem deyildir. Əgər Milli Şura yaşayacaqsa onun maksimum 7 nəfərdən ibarət seçilmiş İdarə Heyəti olmalıdır və bütün səlahiyyət və məsuliyyət həmin bu 7-liyin üstünə düşməlidir”.
Daha sonra Milli Şurada təmsil olunan bəzi siyasətçiləri “psevdomüxalifət” adlandıran R.Quliyev onları nəzərdə tutaraq, Mirzə Ələkbər Sabirin məhşur şeirindən bir bənd səsləndirib:
“Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz,
Bu avamlıqla belə hər sözü təfsir edəriz”.