Ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərinin mühüm bir hisəssi olan ASAN xidmət bu gündən işə başlayır. Bununla da vətəndaşlarla məmur arasında münasibətlər azalacaq. İlk ASAN xidmət mərkəzi Nəsimi rayonunda yerləşir və ilkin mərhələdə yalnız Nəsimi və Nərimanov sakinlərinə xidmət edəcək.Amma bir neçə ay sonra qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlar mərkəzə müraciət edə biləcəklər. Xidmət əməkdaşlarının fəaliyyətində şəffaflığı təmin etmək üçün mərkəzin otaqları şəffaf şüşədən hazırlanıb. Ümumilikdə ASAN mərkəzlərində 9 dövlət qurumuna aid olan 23 növ xidmət göstəriləcək.Bura, sürücülük vəsiqələrinin dəyişdirilməsi, ümumvətəndaş pasportların və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, müvəqqəti yaşamaq üçün icazə, immiqrant statusunun verilməsi, əmək pensiyalarının təyin edilməsi, arxiv arayışlarının verilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat işləri, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu və digər xidmətlər daxildir.