Sumqayıt Şəhər İcra
Hakimiyyətinin nümayəndəsinin küçə ticarəti ilə bağlı keçirilən reyd zamanı
davranışı ictimai müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə
icra nümayəndəsinin meyvə satıcısının məhsullarını yük maşınına yığdırdığı və
satıcıya ünvanlanan ifadələrinin birmənalı qarşılanmadığı əks olunur. İstifadəçilər
rəsmisinin "səki piyadalar üçündür, burada satırsansa, almalar sənin deyil”
sözlərini həm kobud, həm də qanunvericiliklə tənzimlənməyən, yəni məhkəmə qərarı
və rəsmi sənəd olmadan malın götürülməsi baxımından qanunsuz addım kimi qiymətləndirərək
tənqid ediblər.

Hüquqşünas Ramil Süleymanov AZXEBER.COM-a açıqlamasında bildirib ki, icra nümayəndəsinin davranışlarına
qanunvericiliyə ziddir: "Özünü icra nümayəndəsi kimi təqdim edən şəxsin
davranışları qanunvericiliyə tamamilə ziddir. Azərbaycan
Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə (heç kəs məhkəmənin
qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz) əsasən, heç kəs məhkəmənin qərarı
olmadan kiminsə əmlakını müsadirə edə bilməz. Bu norma qanunda açıq şəkildə öz əksini
tapıb. Eyni zamanda həmin şəxs bilməlidir ki, 2012-ci ildə cənab Prezident
İlham Əliyev tərəfindən təsdiq olunmuş "İcra hakimiyyətləri haqqında Əsasnamə”də
icra hakimiyyətlərinə belə bir səlahiyyət verilmir ki, onlar hər hansı formada
kiminsə əmlakını müsadirə etsinlər”.
Hüquqşünas deyib ki, qanunsuz küçə ticarəti ilə məşğul olanlar qanunla 80 manat cərimə olunur: "Birinci növbədə, söhbət ərazidə yerləşən köşklərdən gedir. Həmin köşklərin orada yerləşdirilməsi ilə bağlı icra hakimiyyətinin sərəncamının qanuniliyi və əsaslılığı yoxlanılmalıdır. Digər tərəfdən isə, əgər ərazidə qanunsuz küçə ticarəti aparılırsa, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə uyğun olaraq qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə inzibati cərimə nəzərdə tutulmuşdur. Belə olan halda protokol tərtib olunur və həmin şəxs barəsində 80 manat cərimə tətbiq edilməsi barədə qərar qəbul edilir”.

Mövzu ilə bağlı iqtisadçi ekspert, REAL Partiyasının sədri Natiq Cəfərli də fikirlərini bildirib.
O məmurun hərəkətlərinin qanunvericiliyə uyğun olmadığını bildirib:
"Mağazanın qarşısına mal çıxartmaq olmaz -
tamam, qərar göstər, kağız təqdim elə, o məzlum, susqun sahibkarın əlindən
malını niyə alırsan, alıb hara aparırsan? Yaxşı, burda malı mağazanın qarşısına
çıxartmaq olmazsa, niyə şəhərin 1000 yerində olar? Hansı qanun bunu tənzimləyir,
bu məmləkətdə yazılmış, hamının bildiyi, hamının əməl etdiyi qaydalar nə zaman
olacaq?! Yazılmış qaydalara hardan baxmaq olar?! Yoxsa, məmur özünü qanun, məhkəmə,
hakim sayır?! Belə yanaşma, bu kafada olan məmurlar iqtisadiyyatı boğur -
anlamırsız bunu?!"
Şəhanə Ziyad











































