Sahibkarın almalarını müsadirə edən məmuru bu cəza gözləyir – “Qanunu heçə sayıb” - VİDEO

Sahibkarın almalarını müsadirə edən məmuru bu cəza gözləyir – “Qanunu heçə sayıb” - VİDEO
SOSİAL
13:15 19.01.2026
1800

Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin küçə ticarəti ilə bağlı keçirilən reyd zamanı davranışı ictimai müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə icra nümayəndəsinin meyvə satıcısının məhsullarını yük maşınına yığdırdığı və satıcıya ünvanlanan ifadələrinin birmənalı qarşılanmadığı əks olunur. İstifadəçilər rəsmisinin "səki piyadalar üçündür, burada satırsansa, almalar sənin deyil” sözlərini həm kobud, həm də qanunvericiliklə tənzimlənməyən, yəni məhkəmə qərarı və rəsmi sənəd olmadan malın götürülməsi baxımından qanunsuz addım kimi qiymətləndirərək tənqid ediblər.



Hüquqşünas Ramil Süleymanov AZXEBER.COM-a açıqlamasında bildirib ki, icra nümayəndəsinin davranışlarına qanunvericiliyə ziddir: "Özünü icra nümayəndəsi kimi təqdim edən şəxsin davranışları qanunvericiliyə tamamilə ziddir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə (heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz) əsasən, heç kəs məhkəmənin qərarı olmadan kiminsə əmlakını müsadirə edə bilməz. Bu norma qanunda açıq şəkildə öz əksini tapıb. Eyni zamanda həmin şəxs bilməlidir ki, 2012-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş "İcra hakimiyyətləri haqqında Əsasnamə”də icra hakimiyyətlərinə belə bir səlahiyyət verilmir ki, onlar hər hansı formada kiminsə əmlakını müsadirə etsinlər”.

Hüquqşünas deyib ki, qanunsuz küçə ticarəti ilə məşğul olanlar qanunla 80 manat cərimə olunur: "Birinci növbədə, söhbət ərazidə yerləşən köşklərdən gedir. Həmin köşklərin orada yerləşdirilməsi ilə bağlı icra hakimiyyətinin sərəncamının qanuniliyi və əsaslılığı yoxlanılmalıdır. Digər tərəfdən isə, əgər ərazidə qanunsuz küçə ticarəti aparılırsa, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə uyğun olaraq qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə inzibati cərimə nəzərdə tutulmuşdur. Belə olan halda protokol tərtib olunur və həmin şəxs barəsində 80 manat cərimə tətbiq edilməsi barədə qərar qəbul edilir”.

 

"İcra hakimiyyəti nümayəndəsinin vətəndaşa qarşı davranışı qanunsuz və əsassızdır. Sahibkarın şəxsi icazəsi olmadan çəkiliş aparılması və əmlakının müsadirə edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ var”, - deyə hüquqşünas bildirib.

 


 

Mövzu ilə bağlı iqtisadçi ekspert, REAL Partiyasının sədri Natiq Cəfərli də fikirlərini bildirib.

 

O məmurun hərəkətlərinin qanunvericiliyə uyğun olmadığını bildirib:

"Mağazanın qarşısına mal çıxartmaq olmaz - tamam, qərar göstər, kağız təqdim elə, o məzlum, susqun sahibkarın əlindən malını niyə alırsan, alıb hara aparırsan? Yaxşı, burda malı mağazanın qarşısına çıxartmaq olmazsa, niyə şəhərin 1000 yerində olar? Hansı qanun bunu tənzimləyir, bu məmləkətdə yazılmış, hamının bildiyi, hamının əməl etdiyi qaydalar nə zaman olacaq?! Yazılmış qaydalara hardan baxmaq olar?! Yoxsa, məmur özünü qanun, məhkəmə, hakim sayır?! Belə yanaşma, bu kafada olan məmurlar iqtisadiyyatı boğur - anlamırsız bunu?!"

Şəhanə Ziyad 


OXŞAR XƏBƏRLƏR