'Sahibkarlara güzəştlər olacaq' – Nazir müavini

Bütün Xəbərlər
17:50 11.02.2015
1235

Bu il sahibkarlara dövlət dəstəyi artırılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov İctimai Televiziyaya müsahibəsində biznes subyektlərini gözləyən güzəştlərdən danışarkən deyib.  

S.Məmmədov bildirib ki, cari il sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması ilə yadda qalacaq: “Belə ki, bu il sahibkarlığın inkişafı istiqamətində bir sıra mühüm addımlar atılacaq. Əsas hədəf isə sahibkarlara edilən güzəştlərin daha da təkmilləşdirilməsidir. Həm qanunvericiliyin təkmilləşdirilməsi, həm sahibkarlara verilən güzəştli kreditlərin coğrafiyasının genişləndirilməsi, həcminin, məbləğinin genişləndirilməsi sahəsində, eyni zamanda sahibkarların maarifləndirilməsi sahəsində, bundan başqa, sahibkarların xarici partnyorlarla əlaqə qurması istiqamətində biznes forumların aparılması həyata keçirilir”.

S.Məmmədov əlavə edib ki, dövlət dəstəyi kənd təsərrüfatı sahəsində də özünü göstərir və bu il fermerlər güzəştli qaydada texnika və gübrələrlə təmin ediləcək:  “Subsidiyaların verilməsi təkmilləşdirilib. Onların istifadə etdiyi məhsulların satışı, bu istiqamətdə ixrac imkanlarının araşdırılması, ənənəvi ixrac bazarları ilə yanaşı, yeni ixrac bazarının araşdırılması, müəyyən edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir”.

Nazir müavini qeyd edib ki, sahibkarlığın inkişafı ilə bağlı yeni mexanizmlərdən biri də ölkədə yaradılan biznes inkibatorlarıdır: “Quba-Xaçmaz regional inkişaf Mərkəzində ilk biznes inkubator yaradılıb. Əsas məqsəd gənc sahibkarların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, onların biznes ideyalarının reallaşdırılması istiqamətində dəstəyin göstərilməsidir”.

Qeyd edək ki, Dünya Bankının biznes mühitinə dair hazırladığı hesabatda ölkəmiz sahibkarlığın inkişafına göstərilən diqqətə görə, 189 ölkə arasında ilk onluğa düşüb.

OXŞAR XƏBƏRLƏR