Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, iş adamları arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.Görüşdə nazir Ş. Mustafayev Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın qarşılıqlı hörmət, dostluq, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb.Bildirilib ki, Azərbaycan və Özbəkistan arasında təkmil qanunvericilik bazası yaradılıb və bu sahədə indiyədək 100-ə yaxın sənəd imzalanıb. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətlidir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət dövriyyəsinin həcmi 2011-ci ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox artıb.İşgüzar səfərlərin, birgə biznes forumların və sərgilərin iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayan nazir Ş. Mustafayev 2010-cu ilin noyabrında Özbəkistanda Azərbaycanın xarici ölkədə ilk Milli Sərgisinin, dekabr ayında isə Özbəkistanın ölkəmizdə Milli Sərgisinin keçirildiyini bildirib. Nazir Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verərək, Azərbaycan Respublikasının prezidenti tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb. 2004-2011-ci illərdə ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 13 dəfə artıb, yoxsulluq səviyyəsi 5,9 dəfə azalıb. Hazırda ölkənin valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 10 dəfə üstələyir. 1995-ci ildən etibarən Azərbaycan iqtisadiyyatına 130 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun da 50%-ni xarici investisiyalar təşkil edir.Ölkəmizə səfərindən və Azərbaycanın davamlı iqtisadi inkişafından məmnunluğunu ifadə edən Özbəkistan Respublikasının Baş nazirinin müavini Uluqbek Rozukulov ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu, bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.Sonra Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tekstil, tikinti və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.Biznes forumda çıxış edən iqtisadi inkişaf naziri Ş. Mustafayev Azərbaycan Respublikasının prezidenti tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişləndiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini diqqətə çatdırıb, özbəkistanlı iş adamlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.Özbəkistan Respublikasının Baş nazirinin müavini Uluqbek Rozukulov çıxışında hər iki ölkənin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Özbəkistan və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib.Tədbirdə AZPROMO-nun rəhbəri vəzifəsinin icraçısı Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Özbəkistan Respublikasının Xarici İqtisadi Əlaqələr, İnvestisiyalar və Ticarət Nazirliyinin İdarə rəisi Mahmud Xacimetov isə iki ölkə arasındakı əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış ediblər. Biznes forum çərçivəsində Özbəkistanın bir sıra şirkətlərinin təqdimatları da keçirilib.Tədbir iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.