Heydər Əliyev Fondunun "Sosial layihələr” müsabiqəsinin rəhbəri Şahin Seyidzadə Parlament seçkilərində iştirak edəcək.
AZXEBER.COM xəbər verir ki, o hələlik namizəd olacağı dairəni açıqlamayıb:
"20 il öncə ictimai fəaliyyətimə gənclər sektorundan başlamaqla, təbii olaraq, ölkəmizin apardığı gənclər siyasətinin, gənclər sektorunda olan müxtəlif beynəlxalq, yerli və dövlət əhəmiyyətli proseslerin bir parçası oldum.
İllər keçdi, təcrübəm artdı, vaxtı ilə bilik və təcrübəmi paylaşdığım minlərlə gənc inkişaf etdi. Gənclər siyasətində komanda ilə birlikdə keçdiyimiz yolun ən yüksək qiyməti 2016-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasında gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətə görə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunması oldu.
Gənclər sektorunda qazandığım ictimai-siyasi təcrübə və "Təhsilin idarəedilməsi” üzrə aldığım təhsil gənclər siyasətindən təhsil siyasətinə keçməyə əsas yaratdı. 2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH” qrupları layihəsinə, cari ilin avqust ayından etibarən isə Heydar Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf” İctimai Birliyi tərəfindən elan olunmuş "Sosial layihələr” müsabiqəsinə rəhbərlik etməyə başladım.
20 illik keçdiyim yol, Prezident tərəfindən aparılan islahatlar və "proses əsaslı menecment”-dən "nəticə yönümlü menecment”-ə keçid məni ilhamlandırır və bu əsasla mən namizədliyimi 9 fevral 2020-ci ildə keçirilən Parlament Seçkilərində irəli sürməyə qərar verdim”
Qeyd edək ki, Parlament seçkiləri 9 fevral tarixində baş tutacaq.