Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə iyulun 24 və 25-də baş vermiş genişmiqyaslı elektrik kəsintilərinin bütün detallarının araşdırılmasının vacib olduğunu bildirib.
AZXEBER.COM xəbər verir ki, o, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin elektrik kəsintiləri ilə bağlı təxribat maddəsi üzrə istintaqa başlamasını şərh edərkən danışıb.
Şalva Papuaşvili deyib ki, enerji sisteminin ardıcıl şəkildə sıradan çıxması qeyri-adi hadisədir və baş verənlərin səbəbləri tam müəyyənləşdirilməlidir:
"Bunun nə ilə bağlı olduğunu araşdırmaq vacibdir. Fakt budur ki, bütün sistemin bir-birinin ardınca dayanması qeyri-adi hadisə idi. Buna görə də bütün detalları dəqiqləşdirmək lazımdır. Araşdırmanın nəticəsini qabaqlamaq istəmirəm. Görək istintaq hansı nəticəyə gələcək. Əgər burada insan amili, kiminsə müdaxiləsi və ya təxribat faktı varsa, əlbəttə ki, bunların hamısı üzə çıxacaq. Gözləyək, araşdırma nələri ortaya qoyacaq".
Xatırladaq ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində iyulun 24 və 25-də təkrarlanan elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi – dövlət maraqlarına zərər vurmaq məqsədilə mühüm obyektlərin normal fəaliyyətinin pozulması və ya onlara zərər yetirilməsi maddəsi ilə istintaqa başlayıb.
Qeyd edək ki, iyulun 24 və 25-də baş verən elektrik kəsintiləri nəticəsində Tbilisi və ölkənin əksər bölgələrində elektrik enerjisinin verilişi bir neçə saat dayandırılıb. Hadisənin səbəbləri həm Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti, həm də Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GNERC) tərəfindən araşdırılır.











































