Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Pensilvaniya Universiteti tərəfindən hazırlanan və bu günlərdə Nyu-Yorkda təqdim olunan beyin mərkəzlərinin ən mötəbər reytinqində yer alıb.
AZXEBER.COM qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, SAM Pensilvaniya Universitetinin hesabatında dünyanın 150 ən yaxşı beyin mərkəzlərinin siyahısında 124-cü təşkilat kimi qərar tutur.
Beləliklə, SAM MDB məkanında Rusiya istisna olmaqla, bütün ölkələrin beyin mərkəzlərini geridə qoyur. Qeyd edək ki, bu siyahıya ənənəvi olaraq Brookings İnstitutu liderlik edir.
Bundan başqa, SAM həm də Mərkəzi və Şərqi Avropanın 60 ən yaxşı beyin mərkəzinin siyahısında Azərbaycandan yeganə təmsilçi olaraq 32-ci yeri tutur. Bu siyahıda da MDB-də Rusiya beyin mərkəzləri istisna olmaqla SAM-in rəqibi yoxdur.
SAM-ın yer aldıgı daha bir reytinq dünyanın ən yaxşı dövlət beyin mərkəzlərinin siyahısıdır. Bu siyahıda SAM dünyada 32-ci, Avropada isə 10-cu yeri tutur. Dünyanın ən yaxşı dövlət beyin mərkəzlərinin siyahısında postsovet məkanından yalnız Rusiya təşkilatları SAM-la rəqabət apara bilib.
Pensilvaniya Universitetinin hesabatında SAM dünyanın 51-ci ən yaxşı vəkillik kampaniyası aparan təşkilatı seçilib.
Beləliklə, çarpaz müqayisələr əsasında müəyyənləşdirmək olur ki, yaranmasının 5-ci ilində SAM Cənubi Qafqazın ən güclü beyin mərkəzinə çevrilə bilib.
Qeyd edək ki, Pensilvaniya Universiteti hər il 6 mindən artıq beyin mərkəzi və 2 min eksperti cəlb etməklə dünya beyin mərkəzlərinin siyahısını hazırlayır.