SAM: Nüfuzlu beyin mərkəzləri İlham Əliyevi ölkədə xalqın yeganə etimad ünvanı olduğunu bəyan edir

SİYASƏT
11:40 19.10.2013
1180

Avropa ilə Asiyanın həm coğrafi, həm də siyasi-iqtisadi baxımdan qovuşduğu məkanda yerləşən, mühüm geostrateji və geoiqtisadi mövqeyə malik olan Azərbaycan Respublikasının beynəlxalq aləmdə rolu və əhəmiyyəti getdikcə artmaqdadır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoruFərhad Məmmədov“Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.O qeyd edib ki, ölkəmizin regional lider olaraq siyasi və iqtisadi potensialı, inkişaf istiqamətləri və tempi, dövlətçilik prinsipləri, beynəlxalq münasibətlər sistemində yeri, qlobal və regional sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində tutduğu mövqe, onun Avropaya, islam və türk dünyasına inteqrasiya imkanları, ictimai, siyasi və mədəni həyatının bütün sahələrində əldə etdiyi nailiyyətlər bu gün təkcə aparıcı dövlətlərin, beynəlxalq qurumların deyil, bir sıra nüfuzlu beyin mərkəzlərinin də tədqiqat və müzakirə mövzularındandır.

98 ölkədən və 48 beynəlxalq təşkilatdan gəlmiş 1500-ə yaxın müşahidəçi seçkilərin şəffaf, obyektiv və sabitlik şəraitində keçdiyini bəyan etdi

“Təsadüfi deyildir ki, bu il oktyabr ayının 9-da keçirilmiş Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində dünyanın bir çox analitik qurumu, ayrı-ayrı siyasi ekspertlər ümumxalq kampaniyasının ehtimal olunan nəticələri və ölkənin gələcək inkişaf istiqamətləri haqqında təhlili materiallarla çıxış etmiş, öz proqnozlarını vermişlər.

Maraq doğuran məqamlardan biri də budur ki, onların Azərbaycana, ölkənin gələcək siyasi kursuna dair proqnoz və ehtimallarının böyük hissəsi öz təsdiqini tapmışdır. Əgər bu uğur bir tərəfdən təhlilçilərin peşəkarlığının nəticəsidirsə, digər tərəfdən Azərbaycan Respublikasının, Azərbaycan xalqının demokratikləşmə yolunda, xarici və daxili siyasət kursunda tutduğu ardıcıllığın, sabitliyin bariz nümunəsidir”.

F.Məmmədov yazısında bildirib ki, Azərbaycanın artmaqda olan siyasi-iqtisadi imkanlarını şərtləndirən başlıca amillərdən biri onun heç bir qlobal güc mərkəzindən asılı olmayan müstəqil siyasət yürütməsi, dövlətin siyasi iradəsi və xalqla hakimiyyətin sarsılmaz birliyi sayəsində əldə edilən ictimai-siyasi sabitlikdir.

“O da yaxşı məlumdur ki, Azərbaycan Respublikasının güclənməsi, regional və beynəlxalq səviyyələrdə həlledici söz və qətiyyətli mövqe sahibi olması, xalqımızın maraqlarına cavab verən, dövlət müstəqilliyimizin qorunmasına xidmət edən balanslaşdırılmış siyasət yürütməsi bəzi fövqəldövlətlərin geosiyasi və geoiqtisadi mənafelər çərçivəsinə sığmır və bu səbəbdən ölkəmiz təzyiq cəhdləri ilə də üzləşməkdədir.

Lakin müasir Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindəki köməksiz, zəif, əhalisi ümidsiz, qarşıdurmalara məruz qalan ölkə deyildir. Bu gün Azərbaycanla yüksək tonda, təkəbbürlə danışmaq, onu hansısa şərtlər qarşısında qoymaq mümkün deyildir!

Oktyabr ayının 9-da Azərbaycan xalqı özünün tarixi seçimini etmiş, hazırkı dövlət başçısı İlham Əliyevə etimad göstərərək onu növbəti dəfə respublika prezidenti seçmişdir.

Dünyanın 98 ölkəsindən və 48 beynəlxalq təşkilatdan gəlmiş 1500-ə yaxın müşahidəçi, eləcə də Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının və digər qurumların müşahidə missiyaları Azərbaycanda prezident seçkilərinin gedişini və nəticələrini müsbət dəyərləndirmiş, ümumxalq səsverməsinin şəffaf, obyektiv və sabitlik şəraitində keçdiyini bəyan etmişlər.ATƏT-in qurumlarından ikili yanaşma: həm ədalətli münasibət, həm qərəzli mövqeYazıda vurğulanır ki, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin müşahidə missiyalarının birgə təşkil etdikləri mətbuat konfransında AŞ PA-nın nümayəndə heyətinin rəhbəri Robert Volter aydın şəkildə bildirmişdir:

“Biz heç bir ciddi seçki pozuntusu müşahidə etməmişik. Hətta səslərin sayılması zamanı da məntəqələrdə olmuşuq. Gördüyümüz odur ki, İlham Əliyev səs çoxluğu ilə yenidən prezident seçilmişdir”.

Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlakki isə seçki prosesinə münasibətini belə ifadə etmişdir:

“Biz Azərbaycana dərs keçməyə, demokratik inkişafın dərinliyini müəyyənləşdirməyə gəlməmişik. Əksinə, demokratiyaya doğru səyləri dəyərləndirmək istəyirik. Biz Azərbaycan xalqını seçki günü dinc seçki kampaniyası keçirməsi münasibəti ilə təbrik edirik. Azad, ədalətli və şəffaf seçki prosesi gedib. Biz seçki məntəqələri ətrafında heç bir hədə-qorxu hallarına rast gəlmədik”.

Daha sonra ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara da ölkəmizdəki prezident seçkilərini demokratiyaya doğru istiqamətlənən əhəmiyyətli addım olduğunu xüsusi vurğulamışdır.

ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Dorris Barnet də ümumxalq səsverməsinin normal, şəffaf və demokratik prinsiplərə uyğun keçdiyini söyləmişdir.

Lakin gözlənildiyinin əksinə olaraq ATƏT-in digər qurumu - Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ABŞ Dövlət Departamenti tamamilə fərqli, ilk baxışdan “anlaşılmaz rəy” təsiri bağışlayan, əslində isə başqa məqsədlərə xidmət edən ədalətsiz mövqe tutaraq, Azərbaycan xalqının seçiminə açıq hörmətsizliklə yanaşmış, prezident seçkilərinin gedişinə və nəticələrinə münasibətdə qeyri-obyektivlik nümayiş etdirmişlər.

Bu tandemin verdiyi bəyanatların təhlili açıq şəkildə göstərdi ki, bir-biri ilə siyasi və maliyyə telləri ilə bağlı olan hər iki təşkilat Azərbaycanda prezident seçkilərində ümidlərini tamamilə fərqli nəticəyə bağlamış, lakin onların proqnozları özünü doğrultmamışdır.

Eyni zamanda, həmin qərəzli münasibətin arxasında “siyasi məqsədəuyğunluğun” - geosiyasi məsələlərdə Azərbaycan dövlətinin siyasi iradəsinə təzyiq göstərmək planlarının da dayanması heç kəsdə şübhə doğurmur.

Yəni, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu özünün fəaliyyət prinsiplərini kobud şəkildə pozaraq “inqilab ixracatçısı” kimi mənfi imicini daha da möhkəmləndirmiş, ABŞ Dövlət Departamenti isə “demokratiya”, “insan hüquqları və azadlıqları” anlayışlarını siyasi manipulyasiya alətinə çevirməklə öz nüfuzuna ciddi zərbə vurmuşdur.

Hədəf isə Azərbaycandakı ictimai-siyasi sabitlik və dövlətin siyasi iradəsi olmuşdur. Odur ki, ölkəmizdə keçirilmiş prezident seçkilərinə münasibətdə ABŞ Dövlət Departamentinin nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyalarının nəticələrinə deyil, bir sıra dövlətlərdə, o cümlədən Rusiyada, Ukraynada, Qırğızıstanda, İrlandiyada vətəndaş qarşıdurmalarını “layihələşdirən” qurum kimi mənfi imic qazanan təsisata - ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna istinad etməsi tamamilə başa düşüləndir.

Bununla belə, karvan öz yolu ilə getməkdədir...

Daha sonra F.Məmmədov Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzinin, Litvadakı “Ronald Regan House” Tədqiqat Mərkəzinin, Polşanın Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutunun, Ukraynanın Vətəndaş Cəmiyyəti Problemləri üzrə Araşdırmalar Mərkəzinin, Türkiyənin Orta Doğu Strateji Araşdırmalar Mərkəzinin, Vaşinqtondakı “İkinci müdafiə xətti” Araşdırma Mərkəzinin, Berlin Azad Universitetinin Xəzər Regionu Araşdırmaları Mərkəzinin, İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun və digər aparıcı beyin mərkəzlərinin Qafqaz regionu və konkret olaraq Azərbaycanla bağlı hesabatlarının xatırladaraq, qeyd edib ki, həmin hesabatlarda Azərbaycanda gedən müsbət proseslər və İlham Əliyevin seçkilərdə şəksiz qələbə çalacağı bildirilib.

OXŞAR XƏBƏRLƏR