Şamaxılı general, bakılı “vor zakon”la əlbir olub, Krımı necə taladı..? - FOTOLAR

Şamaxılı general, bakılı “vor zakon”la əlbir olub, Krımı necə taladı..? - FOTOLAR
Bütün Xəbərlər
19:40 29.09.2014
3534
Rusiyanın Cəzaların İcrası üzrə Federal Xidmətinin (FSİN) rəis müavini, general-mayor Vladislav Tsaturov bakılı “vor zakon” və milyonçu, “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinlə korrupsiya əlaqəsinə girərək Krımın ilhaqından sonra ukraynalı biznesmenlərin orada qalan əmlakını dəyər-dəyməzə ələ keçirib.
Virtualaz.org xəbər verir ki, Rusiya mətbuatında dərc olunan sensasion araşdırmada bu barədə bildirilir.
General Tsaturov özü də Azərbaycan əsillidir. 1960-cı ildə Şamaxı rayonunda anadan olub, daxili xidmət general-mayorudur və faktiki olaraq FSİN-i idarə edən əsas adamdır.
General barədə kompromatlar mətbuata FSİN-in Perm vilayəti üzrə idarəsinin rəis əvəzi Oleq Babenkonun moskvalı biznesmendən dələduzluq yolu ilə 300 min dollar almaq ittihamı ilə işdən azad edilməsi və barəsində cinayət işinin qaldırılmasından sonra mətbuata sızıb.
Polkovnik Babenko həbs cəzasını gözləyən biznesmenə Prikamsk həbsxanalarından birində məhbuslardan müdafiə və lüks şəraitdə “cəza çəkmə” vəd edib. Məlum olub ki, Rusiyanın həbsxanalar sistemində bu, adi haldır və general Tsaturovun qurduğu sistem sayəsində yaxşı pul verən hər kəs “srokunu” həbsxanada beşulduzlu otel şəraitinə malik olan koteclərdə keçirə bilər.
Xəbərdə bildirilir ki, polkovnik Babenko general Tsaturovun bu sistemdəki əsas adamlarından olub.
General Tsaturov FSİN-də “çevriliş” etmək istəyib
Araşdırmada deyilir ki, 2014-cü il sentyabrın əvvəllərində FSİN-in rəhbəri Gennadi Korniyenko məzuniyyətə çıxıb. Şahidlərin bildirdiyinə görə, bundan dərhal sonra general Tsaturov yaxın ətrafına bildirib ki, şef məzuniyyətdən geri qayıtmayacaq. O, sentyabrın 30-da 60 yaşını qeyd edəcək və pensiyaya çıxacaq. Oktyabrda isə FSİN-in rəisi vəzifəsinə Tsaturovun adamı təyin olunacaq.
Gennadi Korniyenko
Məlumata görə, Tsaturov bu vəzifəyə öz adamını yerləşdirərək Rusiyanın penitensiar xidmətinin “boz kardinalı” kimi qalmaq istəyib. FSİN-in rəisi vəzifəsinə onun namizədi Krasnoyarsk üzrə penitensiar xidmətin rəisi Vladimir Şaeşnikov olub.
Lakin Federal Təhlükəsizlik Xidməti (FTX) Şaeşnikovun tabeçiliyindəki həbsxanalarda “vor zakon”lar və qatı cinayətkarlar üçün lüks şəraitli kottejləri aşkara çıxarıb və cinayət işi qaldırıb (bu haqda az sonra) .
Şaeşnikovun karyerasının korlanmasından sonra Tsaturov bu vəzifəyə Perm vilayəti üzrə penitensiar xidmətin rəisi Aleksandr Sokolovun namizədliyini irəli sürüb. Deyilənlərə görə, Tsaturov əmin edirdi ki, Sokolovun namizədliyi “yuxarılarda” razılaşdırılıb və FSİN-in yeni direktoru məhz o olacaq.
Lakin generalın planları pozulub, FSİN direktoru Kornienko gözlənilmədən məzuniyyətdən tez qayıdıb və öz postunu tərk etmək niyyətində olmadığını bildirib. Bunun ardınca FTX Tsaturovun adamını-polkovnik Babenkonu həbs edib və indi Sokolovun özünün bu qalmaqalla bağlı işdən qovulacağı gözlənilir. Eyni zamanda FTX general Tsaturovun Krasnoyarsk vilayəti üzrə penitensiar xidmətə başçılıq edən digər adamı - polkovnik Sokolov barəsində araşdırma başladıb.
Şamaxılı general Krıma niyə tez-tez gedib, gəlirdi...
Rusiya mətbuatı yazır ki, Krımın ilhaqından sonra ukraynalı biznesmenlər və siyasətçilər yarımadadakı mülklərini, bizneslərini tələm-tələsik satmağa çalışırlar. Qorxurlar ki, onların əmlakı və biznesi milliləşdirilər.
Ukraynalılar bu sövdələşmələrdə birbaşa iştirak etməkdən çəkinirlər, lakin onların bu cür işlərdə köməyinə çatan biri var. O, əslən bakılı olan məşhur kriminal avtoritet, “Oleq Bakinski” kimi tanınan Oleq Krapivindir. Həmin Krapivin ki, general Tsaturovun çoxdankı tanışı və yaxın dostudur.
Məhz bu tanışlığın sayəsində FSİN-in bir çox vəzifəliləri, o cümlədən general Tsaturov özü Krımda çoxsaylı daşınmaz əmlakın, biznes aktivlərinin sahibi olublar. Lakin tale general Tsaturovu və “Oleq Bakinski”ni təkcə Krımda torpaq və biznes məsələsi ilə bağlı bir araya gətirməyib. Mətbuat yazır ki, general Moskvadakı “Prince Plasa” ticarət mərkəzinin VİP-bilyard salonunun daimi qonağıdır. Orada o, müntəzəm olaraq “Oleq Bakinski” ilə görüşür. Bu görüşlərdə tərəflər bu və ya digər “vor zakon”un yaxşı həbsxanaya salınması, həbsxana rəhbərliyinin onları əla şəraitlə-telefonu, interneti, televizoru və s. olan ayrıca “domik”lərdə yerləşdirmək məsələsini razılaşdırıblar. Krapivinin hər belə səfərindən sonra qanqsterlər də 300-500 min dollarlarından keçməli olublar.Əvəzində onların lüks şəraitdə saxlanılması məsələsi yüksək səviyyədə həllini tapıb.
Rusiya hüquq-mühafizə orqanlarının məlumat bazasında göstərilir ki, Oleq Krapivin kriminal avtoritetdir, “Oleq Bakinski” ləqəbi ilə yanınır. Ukraynada ticarət mərkəzlərinin və digər daşınmaz əmlakın sahibidir, “Forbes”in siyahısında 84 milyon dollarlıq sərvətlə 98-cidir.
O, eyni zamanda Kiyev azərbaycanlıları təşkilatının sədridir. Ukraynalı milyarderlər İqor Kolomoyski, Aleksandr Taruta, Vadim Novinski kimiləri onun yaxın tanışlarıdır. Ukraynanın indiki daxili işlər naziri, bakılı erməni Arsen Avakov isə “Oleq Bakinski”nin çox yaxın dostudur.
“Oleq Bakinski”
Ekspertlər deyirlər ki, general Tsaturov Krımda bir neçə aylıq ezamiyyətdə olub. Rəsmi məlumata əsasən o, Krımda penitensiar xidmət yaratmaqla məşğul idi, ancaq mənbələr deyirlər ki, Tsaturov əsas vaxtını ukraynalı biznesmenlərin və siyasətçilərin dəyər-dəyməzinə satdıqları daşınmaz əmlaka, biznesə sahib olmağa sərf edirdi.
“Maraqlı təsadüfdən” Tsaturovun Krımda ezamiyyətdə olduğu müddətdə ukraynalı biznesmenlər Sergey və Aleksandr Taruta, habelə onların biznes ortağı Oleq Mkrtçyan, digər ukraynalı tanınmış biznesmenlər Krımdakı obyektlərini satıblar.
Bu sövdələşmələr offşor şirkətlər üzərindən həyata keçirilib. İndi ekspertlər deyirlər ki, Tsaturov və FSİN-in digər vəzifəliləri Krımda özlərini evlərindəki kimi hiss edə bilərlər.Onların çoxsaylı villaları, otelləri, restoranları var. Krımın daşınmaz əmlak bazarında FSİN “rəislərinin” maraqlı satış təklifləri yer alır.
“Lexus”la iki adam öldürən Məmmədovun lüks türmə həyatı
Məlumata görə, Kirov vilayətində də FTX həbsxanalarda yoxlama aparır. Bu yoxlamalar zamanı ağır cinayətlərə görə həbs olunmuş bir çox məhbusların heç də Krım kurortlarından pis olmayan şəraitdə dincəldiyi üzə çıxıb.
Məsələn, adam oğurluğu və reketə görə həbs olunmuş Azat Tadevosyan və Civan Lilayan, “Lexus”la iki piyadanı vurub öldürən azərbaycanlı biznesmen Əhməd Məmmədov belələrindəndir. Onların Kirov vilayətindəki 4 nömrəli həbsxanada hər şəraiti, o cümlədən spirtli içkilərlə dolu soyducusu olan “domik”lərdə dincəldiyi, sıra düzülüşünə qatılmadıqları, istənilən vaxt yatdıqları və oyandıqları məlum olub.
Bildirilir ki, Rusiyanın penitensiar xidmətində bu vəziyyət uzun illərdir hökm sürür. Lakin FTX onunla yalnız indi, FSİN-də “çevriliş” hazırlananda məşğul olmağa başlayıb.
OXŞAR XƏBƏRLƏR