Müğənni Samir Piriyevin həyat yoldaşı Anara Fətəliyeva 42 saylı məktəbin direktoru Firəngiz Həmidovadan şikayətçidir.
AZEBER.COM xəbər verir ki, o, video yayımlayaraq direktorun uşaqlarla kobud davranışından və nalayiq ifadələr işlətməsindən danışıb:
"Bir direktor nə qədər bikar ola ki, qapıda dayanıb şagirdlərin ətəklərinin rənginin açıq və ya tünd olduğuna fikir verə. Hər sinifdə 40-43 şagird təhsil alır. Pandemiyadan çıxan ölkədə sinifdə 40-dan çox uşaq olur. Gedin, sinifləri ayırın, uşaqların sayını azaldın, mənasız kitabların, iş dəftərlərinin sayını azaldın. Onda bir zəhmət əlinizdə tərəzi ilə dayanın qapıda çantaların çəkisini ölçün".
Anara, aidiyyatı qurumların direktorla bağlı ölçü götürməyini istəyib:
"42 saylı mətkəbin direktoruna bir əncam çəkən olsaydı valideynlərin də, uşaqların da canı qurtarardı. Yaxşı ki, mən uşağımın yanında idim. O qızımı orada mənsiz biabır etsəydi, bilmirəm o direktoru nə edərdim. Uşağı kənara çəkib deyir ki, əynindəki ətək məktəb üçün deyil. Mən də ona sual verdim ki,nə ətəyidir? Bazar, klub ətəyidir? Məktəb ətəyidir də… Məktəb ətəyi nə rəngdə olur. Cavab verir ki, Fərəhin ətəyi ağ rəngdədir. Amma düz demir, çünki Fərəhin ətəyi boz rəngdə idi. Ona dedim ki, sizə rəngləri ayırd edə bilmirsiniz. Mən sizə rəngləri öyrədəcəyəm. Bəlkə gedəsiniz təqaüdə çıxasınız. Artıq rəngləri də tanımırsınız. Bu direktor özünü nə hesab edir? O gün də bir məktəbli qızın üstünə qışqırıb".
13.57
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən 42 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həmidova qeyd edib ki, digər şagirdlər kimi Fərəhə də irad tutulub:
"Məktəb direktorunun uşağa irada tutmağa ixtiyarı yoxdur? Məktəbin 1700 şagirdindən biri kimi Fərəhə də demişik ki, bu açıqrəngli yubkadır, bir az tünd olmalıdır. Onu söyüb, təhqir edib, şəxsiyyətinə xələl gətirməmişik ki?! İndi Samir Piriyevin qızıdır deyə ona xüsusi münasibət göstərilməlidir? Bizim məktəbli formamız boz ətək, mavi köynəkdir. Biz də bunu tələb edirik".