Əfsələddin Ağalarov
Ötən gün baş tutan “Eurovision” mahnı müsabiqəsi ilə bağlı geniş hal-qəziyyə etməyə ehtiyac yoxdur. Bilən bilir, bilməyən də bilsin ki, dodağı, gözü-qaşı rənglənmiş, əcaib görünüşdə bir saqqallı qız-oğlan (və ya oğlan-qız) gəldi və bütün Avropanı ədəb-ərkanla ayağa qaldırıb çapan çaldırdı.
Konçita adlı bu çəlimsiz, ucaboy qız-oğlan, transseksuallığı ilə yeni bir hadisə yaradıb qalib oldu.Bəli, Avropa üçün bu, yeni bir hadisə idi. Bu qızın (oğlan) transseksuallığı ilə Avropa xəlqinin ürəyini fəth etməsi, hər il azalan “Eurovision” marağına bir az yüksəliş gətirdi.
Bizim üçün isə bu, ikiqat hadisə idi. Görməyə öyrəşsək də, haqqında danışmaq belə istmədiyimiz, gördüyümüz zaman üzlərinəbir qara qəpik dəyərində söyüşlər söydüyümüz həmin azlıqlardan birinin qalib gəlməsi bizim üçün sözün həqiqi mənasında hadisə idi.
Ona görə ki, “Eurovision”da təzəliyimizi hələ də unutmamışıq. Və illər keçsə də, əvvəlki həvəsimiz qalmasa da, bu yarışma bizim həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ona görə də hər il pis-yaxşı evimizdə özümüz üçün hazırlıq görür, arvad-uşağı başımıza yığır, çayımızı-qəndimizi hazırlayıb keçirik mavi ekranın qarşısına. Diqqətlə hər ölkənin çıxışına fikir verir və əsas da həmin il bu yarışmanı təşkil edən ölkənin gördüyü hazırlıqlarını izləyirik. Daha çox hansı ölkənin bizdən daha yaxşı “Eurovision” təşkil etdiyinə baxırıq. Müqayisə edirik özümüzlə. Səhərisi gün dost-tanışın yanında da “bizdə olanda belə olmuşdu”, “bizimkilər daha yaxşı hazırlaşmışdı” və buna bənzər sözlərlə özümüzü daha yuxarıda tuturuq. Sanki hər il qalib biz olmuşuq kimi...
Amma bu il fərqli oldu sanki. Sanki Avropanın siyasi-mədəni oyununa alət olmaq istəmədik. Hər il coşqu ilə, sevinclə, daha çox istəklə qarşıladığımız yarışmada sanki bu il daha çox iştirak etmək xətrinə iştirak etdik. Elə bizim qızın oxuduğu mahnının aşağı səviyyədə olması və onun göstərdiyi performansın da əsas səbəbi bəlkə də budur. Bu münasibət bilirsiniz, hansı tip ölkələrdə olur? Daha çox qalibiyyətin dadını doya-doya almış və bu həzzi bütün varlığı ilə yaşamış ölkələr üçün bu yarışma mənasız xərcdən başqa bir şey deyil. Fransa, İtaliya, İngiltərə, İspaniyada yaşayan avropalılar üçün futbol ehtirası hara, bu yarışmaya olan maraq hara...
İndi isə Avropa kişi kimi dünyaya gəlib cinsi dəyişikliyə gedən bir insanı qalib gətirərək bir daha onun kimi olmaq istəyən ölkələrə ismarış verdi. Bizim kimi cəmiyyətlərə, translara, biseksuallara, geylərə və adını bilmək belə istəmədiyimiz daha buna bənzər azlıqlara hörmət etməli olduğumuzu xatırladır. Əgər onların komandasında olmaq istəyiriksə, əgər Avropanın bir parası olmaq istəyiriksə, o zaman onlara sayqılı olmalıyıq.
Çünki Avropa indi kimin kişi və ya qadın olmasını deyil, kimin onun kimi olduğunu görmək istəyir. Azərbaycan kimi tünd rənglərlə özünü müdafiə edən bir məmləkətə saqqallı qızları gətirib rəngimizi sanki biraz daha rəngarəng etməyə cəhd göstərir.
Rəngimizi qorumaq isə bizə qalıb. Kim nə deyir desin. Məncə tünd rəng bizə daha çox yaraşır....