Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla bağlı məhkəmə yeni qərar qəbul edib.
Sarkisyanın barəsində avqustun 26-da tətbiq edilmiş ölkədən çıxış qadağası ləğv olunub.
Bununla belə, məhkəmə Sarkisyanın müdafiəçilərinin cinayət işinə xitam verilməsi barədə vəsatətini təmin etməyib.
Beləliklə, Gümrüdə yerləşən tarixi-mədəni abidə – "Qara qala”nın özəlləşdirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edəcək.
İttihama görə, Sarkisyan 2000–2007-ci illərdə Ermənistanın müdafiə naziri olduğu dövrdə hökumət qərarlarının tələblərinə məhəl qoymayaraq Müdafiə Nazirliyinin balansında olan "Qara qala”nı və ona bitişik torpaq sahəsini 22 milyon 951 min 500 drama fiziki şəxsə özgəninkiləşdirib. İstintaq bunun dövlətin qanuni maraqlarına ciddi zərər vurduğunu iddia edir.
Müdafiə tərəfi isə Sarkisyanın eyni əmələ görə yenidən təqib edilməsinin yolverilməz olduğunu bildirərək işə xitam verilməsini tələb edib. Məhkəmə bu arqumenti qəbul etməyib.
Qeyd edək ki, bu iş üzrə ölkədən çıxış qadağası götürülsə də, Sarkisyanın vəkili Amram Makinyan onun başqa bir cinayət işi çərçivəsində ölkədən çıxışına qoyulan qadağanın qüvvədə qaldığını bildirib. Buna görə də keçmiş prezident hazırda Ermənistanı tərk edə bilmir.
///musavat.com///











































