"Şarm əl-Şeyx görüşü Yaxın Şərq üçün yeni siyasi mərhələnin başlanğıcı ola bilər" - Deputat

"Şarm əl-Şeyx görüşü Yaxın Şərq üçün yeni siyasi mərhələnin başlanğıcı ola bilər" - Deputat
SİYASƏT
13:43 13.10.2025
205
"Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzza üzrə Liderlər Sammiti Yaxın Şərqdə uzun illərdir davam edən qarşıdurmaların və beynəlxalq güclərin maraqlar toqquşmasının növbəti mərhələsində mühüm siyasi hadisə kimi dəyərləndirilir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O bildirib ki, hazırkı mərhələdə Qəzza məsələsi təkcə İsrail və Fələstin arasında deyil, ümumilikdə Yaxın Şərqin siyasi nizamında təsir dairələrinin bölünməsi ilə bağlı qlobal rəqabətin ifadəsinə çevrilib:

"İsrail–HƏMAS qarşıdurması lokal münaqişə deyil, bu prosesin arxasında ABŞ, İran, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və Avropa İttifaqının fərqli strateji məqsədləri dayanır. ABŞ və Misir sammit vasitəsilə həm bölgədə sülhə çağırış mesajı verməyə, həm də beynəlxalq donor mexanizmini işə salmaqla siyasi və humanitar məsuliyyəti kollektiv şəkildə bölüşdürməyə çalışır. Lakin təcrübə göstərir ki, belə sammitlər çox zaman siyasi iradədən daha çox geosiyasi maraqların qarşılaşdırıldığı platformaya çevrilir.

Bu kontekstdə sammitin əsas hədəfi atəşkəsin möhkəmləndirilməsi, humanitar dəhlizlərin açılması, girovların azad edilməsi və Qəzzanın bərpası üçün beynəlxalq mexanizmin formalaşdırılması olsa da və hər nə qədər humanist məzmun daşısa da, onun həyata keçirilməsi regiondakı güc balansının razılığına bağlıdır. İsrail və HƏMAS arasında birbaşa dialoqun məhdud olması, tərəflərin bir-birinə etimad göstərməməsi və prosesdə üçüncü tərəflərin fərqli mövqeləri bu məqsədlərin reallaşmasını çətinləşdirir”.

Parlamentari qeyd edib ki, ABŞ və Misir vasitəçiliyi müəyyən dərəcədə dialoq platforması yaratsa da, nə İsrailin sərt təhlükəsizlik siyasəti, nə də HƏMAS-ın siyasi legitimlik axtarışları hələ ki, real kompromisə çevrilmir:

"Beynəlxalq müşahidəçilər sammitin nəticələrini üç ssenari üzrə qiymətləndirirlər. Optimist ssenariyə görə, tərəflər atəşkəsi qoruyur, genişmiqyaslı humanitar yardım təmin olunur və Qəzzada beynəlxalq nəzarət altında müvəqqəti idarəetmə strukturu yaradılır. Bu halda regionda gərginlik azala bilər və bərpa prosesi üçün beynəlxalq resurslar səfərbər edilə bilər. Realist ssenariyə əsasən, proses qismən dayanıqlı olacaq. Lokal toqquşmalar davam etsə də, genişmiqyaslı hərbi əməliyyatların yenidən alovlanması ehtimalı az qalacaq. Pessimist ssenari isə razılaşmaların pozulması, siyasi etimadsızlıq və xarici təsir mərkəzlərinin təxribatları nəticəsində sülh prosesinin iflasa uğraması variantını nəzərdə tutur”.

Deputat vurğulayıb ki, sammitin coğrafi məkanı da simvolik məna daşıyır:

"Şarm əl-Şeyx Misirin turizm mərkəzi olmaqla yanaşı, tarixi baxımdan Ərəb–İsrail münaqişələrinin müzakirə olunduğu, yəni diplomatik balansın qorunduğu məkan kimi tanınır. Bu dəfə də Misir regiondakı neytral vasitəçi imicini bərpa etməyə, ABŞ isə sülh təşəbbüsünün əsas memarı kimi görünməyə çalışır.
Azərbaycanın sammitdə iştirakı xüsusi məna daşıyır. Ölkəmiz son illərdə beynəlxalq arenada balanslı, çoxvektorlu və prinsipial diplomatiya modeli ilə seçilir. Azərbaycanın dəvət alması təkcə Qəzza böhranına münasibətin ifadəsi deyil, həm də Bakıdan beynəlxalq səviyyədə gözlənilən vasitəçi və etibarlı tərəfdaş statusunun təsdiqidir. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının üzvü, həm də Qoşulmama Hərəkatında fəal ölkə kimi humanitar məsələlərdə önəmli mövqe sərgiləyir. Qarabağın işğaldan azad edilməsindən sonra bərpa və reinteqrasiya sahəsində əldə olunan təcrübə Azərbaycanın Qəzza üçün nəzərdə tutulan bərpa proqramlarında da praktiki model kimi çıxış edə biləcəyini göstərir. Bakı üçün bu sammit həm də beynəlxalq səviyyədə siyasi etimadın göstəricisidir. Azərbaycanın sülh təşəbbüsləri, regional sabitlik və enerji təhlükəsizliyi sahəsində oynadığı rol artıq Yaxın Şərq diplomatiyasında da diqqətlə izlənir. Azərbaycan burada balanslaşdırılmış yanaşmasını qoruyaraq, həm humanitar, həm də siyasi müstəvidə real töhfə vermək imkanına malikdir. Bu, ölkəmizin xarici siyasət fəlsəfəsinə, ədalət, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan yanaşmasına tam uyğundur”.

E.Mirzəbəyli əlavə edib ki, İran və onun tərəfdaşlarının reaksiyası isə bölgədə paralel bloklaşma tendensiyasını gücləndirə bilər:

"İsrail–HƏMAS qarşıdurmasının bitməsi üçün yalnız diplomatik razılıq deyil, həm də regional və beynəlxalq təhlükəsizlik mexanizmlərinin işlək vəziyyətə gətirilməsi vacibdir. Əks halda, sammit bir "siyasi fasilə”dən o yana keçməyəcək. Bu baxımdan Şarm əl-Şeyx görüşü Yaxın Şərq üçün yeni siyasi mərhələnin başlanğıcı ola bilər, amma bu mərhələnin nə qədər davamlı olacağı geosiyasi aktorların real maraqlarından asılıdır. Nəticə etibarilə, Qəzza üzrə Liderlər Sammiti qlobal diplomatiyada yeni bir sınaq meydanıdır. Qlobal güclər bu dəfə Yaxın Şərqə tam sülh gətirə bilməsələr də, ən azı silahların susmasına və humanitar fəlakətin qarşısının alınmasına nail olsalar, bu, regional siyasətin mənzərəsini dəyişə bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR