"Texnoloji inkişafa uyğun olaraq, informasiya axını sürətlənib. Onun həm kəmiyyəti, həm də çeşidi çoxalıb. İnsanlar, hətta istəkləri olmasa belə, hər gün yüzlərlə informasiyanı eşidir, görür və dinləyirlər. Həmçinin, cəmiyyət üzvləri özləri də çox vaxt xəbər istehsalçısı və ya xəbər mənbəyi rolunda çıxış edirlər. İndi komputeri, mobil telefonu, internet bağlantısı olan hər bir kəs ya xəbər alıcısı, ya da xəbər istehsalçısıdır”.
Bu sözləri AZXEBER.COM-açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Medianın İnkişafı Agentliyi tərəfinfən həyata keçirilən "Media Savadlılığı” Həftəsi ilə bağlı fikirlərini bölüşərkən deyib.
O bildirib ki, gündəlik xəbər dövriyyəsi təkcə düzgün məlumatlardan ibarət deyil:
"Təəssüf ki, gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil. "Yanlış xəbər”, "saxta xəbər”, "dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir. Analitik mərkəzlər qeyd edirlər ki, "saxta xəbər”in qlobal informasiya dövriyyəsində çəkisi 45-80 faiz aralığında dəyişir və dünya üçün ən aktual problemlərindən birinə çevrilir. "Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir”.
M.Ələsgərli doğru və yanlış xəbəri biri-birindən seçməyin yollarına da toxunub:
"Belə xəbər bolluğunda düzgün olanı seçmək, informasiya etibarlılığını müəyyənləşdirmək üçün insanların müəyyən bacarıqlara malik olması zərurəti yaranır. İnsanlar doğru xəbəri saxta xəbərdən ayırd edə bilməli, yalan xəbərin təsirinə düşməkdən yayınmağı bacarmalıdırlar. Yaxud, özləri xəbər mənbəyi rolunda çıxış edərkən, obyektiv davranmağı bacarmalıdırlar. Bir sözlə, insanlar xəbər istehsalı, emalı və istehlakı barədə ən azı ümumi bilgilərə malik olmalıdırlar. Bütün bu elementlərin hamısı "media savadlılığı” proqramında ifadə olunur”.
Media eksperti vurğulayıb ki, "Media haqqında” qanun media savadlılığının yaxşılaşmasını əsas tələb kimi qoyur:
"Bütün bu çağırışları nəzərə alaraq, 2022-ci ildən qüvvəyə minmiş "Media haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür. Qanunun 10-cu maddəsi ölkə vətəndaşlarının media savadlılığının artırılması yönündə öhdəlikləri müəyyən edir. Buna uyğun olaraq, müxtəlif proqramlar icra olunur, tədbirlər gerçəkləşdirilir”.
"Medianın İnkişafı Agentliyi media savadlılğının artırılması yönündə işlərin səməriliyini təmin etmək üçün xüsusi proqram və internet informasiya resursu hazırlayıb. 2023-cü ildə Agentlik tərəfindən "Medialiteracy.media.gov.az” portalı yaradılaraq istifadəyə verilib. Bu portal media savadlılığı istiqamətdə məlumat almaq istəyənlər üçün mühüm töhvəyə çevrilib. Medianın İnkişafı Agentliyi paralel olaraq hər il "Media Savadlılığı” Həftəsi qismində kampaniyalar təşkil edir. Agentliyin media savadlılığının artırılması üzrə proqramları bu cür sistemli şəkildə təşkil etməsi vətəndaşların mövzuya marağını artırır”, - deyə, o bildirib.
Şahanə Ziyad











































