Səbail rayon İcra Hakimiyyəti və DİN Daxili Qoşunlar Komandanlığının birgə layihəsi və İstək liseyinin iştirakı ilə növbəti “Şahinlər” yay istirahət düşərgəsi təşkil olunub.
İcra Hakimiyyətindən AZXEBER.COM-a verilən məlumata görə, artıq bütün təşkilati işlər başa çatdırılmış və rayon icra hakimiyyətində düşərgəyə yola salınacaq uşaqlar, onların valideynləri və tədbirdə iştirak edən bir sıra ictimai təşkilatların rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, aparılan geniş miqyaslı abadlıq quruculuq işləri, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verib.
Asif Əsgərov bildirib ki, Quba şəhərindəki yay istirahət düşərgəsi artq 10-cu ildir ki, təşkil olunur:
“Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb, Düşərgə Daxili Qoşunlar Komandanlığı və İstək liseyinin Quba filialı tərəfindən tələb olunan bütün ləvazimatlarla təmin olunub. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaqlar.
Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və onlarla yanaşı düşərgəyə təhkim olunmuş Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olcaq, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər”.
Qeyd olunub ki, yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tərbir avqust ayının 17-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda da təşkil olunacaq.













