Uşaqlarda diş müalicəsi zamanı sedasiya qorxu və narahatlığı azaltmaq, bəzi hallarda müalicəni mümkün etmək üçün tətbiq olunur. Lakin bu üsulun uşağın sağlamlıq vəziyyətinə uyğun seçilməsi, prosedur zamanı düzgün izlənməsi və fövqəladə hal üçün hazırlıq məsələləri valideynləri narahat edir. Bəzən belə hallarda ölüm belə qeydə alınıb.
Uşaqlarda diş müalicəsi zamanı tətbiq olunan sedasiya nə dərəcədə təhlükəsizdir? Hansı hallarda ciddi ağırlaşmalar, hətta ölüm riski yarana bilər və bu risklərin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Stomatoloq İlkin Cabbarov AZXEBER.COM-a açıqlamasında deyib ki, sedasiya insanın istəyinə görə tətbiq edilən bir üsul deyil:

"Sedasiya insanın istəyinə görə tətbiq edilən bir üsul deyil. Sedasiyanın müəyyən göstərişləri var. Məsələn, 4- 5 yaşına qədər olan, psixoloji travması, fobiyası və qorxusu olan uşaqlar var. Həmçinin autizmli və davranışlarına nəzarət etməkdə çətinlik çəkən bəzi pasiyentlər də bu qrupa aid ola bilər. Udma, öyümə və digər reflekslər güclü ola bilər. Belə pasiyentləri yalnız yerli keyitmə ilə müalicə etmək mümkün olmur”.
O qeyd edib ki, pasiyent sedasiyadan əvvəl müayinə edilməlidir:
"İlk növbədə, pasiyent sedasiyadan əvvəl müayinə edilməlidir. Əgər yerli keyitmə tətbiq edildikdən və ağrının tam aradan qalxdığına əmin olduqdan sonra ümumi sedasiyaya ehtiyac qalmırsa, onu tətbiq etməyə ehtiyac yoxdur. Çünki bu, orqanizmin fəaliyyətinə təsir edən farmakoloji müdaxilədir.
Bu üsul tətbiq olunacaq pasiyentlərlə bağlı protokollar var. Qısa desəm, tənəffüs və qan damar sistemləri, həmçinin qan göstəriciləri yoxlanılmalıdır. Bu, ciddi protokoldur və mütləq nəzərə alınmalıdır. Əməliyyat zamanı stomatoloqla yanaşı, anestezioloq-reanimatoloq da mütləq olmalıdır. Hər həkim öz işini görməlidir. Pasiyentin yatması və oyanması ilə bağlı proses nəzarətsiz qala bilməz. Protokola görə, pasiyent prosedurdan əvvəl müəyyən müddət yemək yeməməlidir. Əks halda qida nəfəs yoluna düşə bilər. Belə nüanslar nəzərə alınmalıdır. Peşəkar yanaşma olduqda bu üsul təhlükəsiz şəkildə tətbiq edilə bilər”.
"Tibbi göstəriş olan hallarda sedasiya pasiyentin ağrısını azaltmaq üçün yaxşı vasitədir. Amma "kefim istədi, ürəyim istədi, gəlin edək” yanaşması düzgün deyil. Valideynlər sedasiya prosedurunun özündən yox, onun hansı şəraitdə və kim tərəfindən aparıldığından narahat olmalıdırlar. Düzgün qiymətləndirilmiş uşaq, peşəkar anestezioloji komanda və tam təchiz olunmuş klinik şəraitdə sedasiya uşağı psikoloji travmadan və ağrıdan qoruyan son dərəcədə təhlükəsiz bir tibbi üsuldur”,-deyə stomatoloq vurğulayıb.
Şahanə Ziyad











































