“Sədərək” aksiyaya hazırlaşır

“Sədərək” aksiyaya hazırlaşır
Bütün Xəbərlər
11:55 27.09.2011
1886

Qaradağ rayonunda yerləşən “Sədərək” yarmarkasında rüsumların artırılmasına etiraz əlaməti olaraq keçirilən aksiyaların davamı olacaq. Bu barədə bazarda işləyən satıcılar əməkdaşımıza deyib. Onların sözlərinə görə, ticarət mərkəzinin sahibi Yusif və Ənvər Qədimbəyli qardaşları rüsumu aşağı salmasa aksiyaların ardı-arası kəsilməyəcək: “Hər gün yarmarkada işləyənləri polis idarəsinə çağırıb hədələyirlər. Bunlar elə bilir ki, biz geri çəkiləcəyik. Ancaq biz mövqeyimizdə israrlıyıq. Öz haqqımızı tələb etmişik, bundan sonra da tələb edəcəyik”.

Onlar bazar rəhbərliyinin insanları hədələməsinə də məhəl qoymayacaqlarını deyirlər: “Rəhbərlik ötən aksiya zamanı hadisə yerinə yanğınsöndürənlər cəlb etmişdi. Maşınlardan adamların üzərinə su vurulacağı xəbərdarlığı edildi. Bu addım atılmasa da, texnika narazı kütlənin üstünə sürüldü. Ticarət mərkəzinin mühafizəçiləri ayrı-ayrı fəalları hədələdi. Lakin narazı satıcıları sakitləşdirmək mümkün olmadı. Həmin gün bizim aksiyanı dağıtdılar. Buna baxmayaraq, bizim gözümüz qorxmadı”. Satıcılar bazarda alverlərinin getmədiyini də deyirlər: “Biz burada mal sata bilmirik. Çünki ticarət mərkəzi həddindən artıq böyükdür. Alıcılar isə az. Əgər biz qazana bilmiriksə, yer haqqını necə ödəyəcəyik. Bazar rəhbərliyi bizim də dolanışığımızı nəzərə almalıdır”. Qeyd edək ki, yarmarkada bir həftədir yer haqları bir kvadratmetr sahə üçün 2 manat bahalanıb. Bu isə hər mağaza üçün 50-100 manat əlavə ödəniş etmək deməkdir.

Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR