“Səfər Əbiyev ordumuzun başına gətirdiyi bəlalara görə mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır”
“Səfər Əbiyevi və digər 7 generalı ehtiyata göndərməklə iş bitmir. Azərbaycan ordusundakı böhrana görə cavabdeh olan bu generallar, eyni zamanda hazırda Müdafiə Nazirliyində yüksək vəzifə tutan bir sıra şəxslər mütləq cəzalandırılmalıdırlar”.
AZXEBER.COM xəbər verir ki, bunu “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli “Facebook” səhifəsində bildirib.
Xatırladaq ki, bu günlərdə Müdafiə nazirinin əmri ilə sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev daxil olmaqla, 8 general – Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi), tibb xidməti general-mayoru Dağlar Abdullayev (Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi) və general-mayor Nəcəf Qəmbərov (Silahlı Qüvvələri Hərbi Akademiyasının sabiq rəisi) Silahlı Qüvvələrdən ehtiyata göndəriliblər.
Cəsur Sümərinli bildirib: “Əsgər ölmülərinin əsas hissəsi onların fəaliyyətləri (fəaliyyətsizlikləri) ilə bağlıdır. Azərbaycan zabitinin çətin durumda yaşamasının səbəbkarı məhz onlardır… Səfər Əbiyev ordumuzun başına gətirdiyi bəlalara görə mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır… Onun korrupsiya əməliyyatları mütləq araşdırılmalıdır…”