"Səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək"

SİYASƏT
17:21 25.02.2025
218

2025-ci il fevralın 24-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıya rəsmi dövlət səfəri edib. Ötən gün Prezident cənab İlham Əliyevin və qonağı Məhəmməd Şahbaz Şərifin iştirakı ilə sənədlərin imzalanması və mübadiləsi mərasimi olub. Prezident cənab İlham Əliyev və  Məhəmməd Şahbaz Şərifinin görüşü Azərbaycan-Pakistan əlaqələrinin inkişafı perspektivlərinə yenidən baxış imkanlarını göstərib.

İki dövlətin bir-biri üçün yerləşdikləri regionlarla bağlı strateji tərəfdaş olmaları üçün əlavə fürsət yaradıb.

Ölkə başçımız cənab İlham Əliyevin ikitərəfli görüşdə ölkələr arasında güclü qardaşlıq əlaqələrindən bəhs edərək bildirdi ki, "Bu gün güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq. Əziz qardaşım, dəvətimi qəbul etdiyinizə və Azərbaycana dövlət səfərinə gəldiyinizə görə Sizə bir daha minnətdaram. Ölkə lideri kimi fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm. Sizin baxışınız və həyata keçirdiyiniz islahatlar həqiqətən nəinki iradənizi göstərir, o cümlədən iqtisadi sahədə, siyasi sabitlik sahəsində və Pakistanın beynəlxalq arenada qlobal iştirakçı kimi potensialında mühüm nəticələr verir. Bütün bunlar gərgin əməyiniz və heyətinizin işi sayəsində mümkün olmuşdur. Bir sözlə, qardaş və dostlarınız kimi, Baş nazir Şərifin müdrik rəhbərliyi ilə Pakistanın nailiyyətlərinə çox sevinirik və fərəhlənirik. Biz qardaşlar kimi bütün gələcək planlarımız və işlərimizdə Sizinlə olacağıq.”

SSRİ dağılandan sonra Azərbaycan 1991-ci il 18 oktyabrında dövlət müstəqilliyini elan etdi. Bundan az sonra, yəni dekabrın 12-də Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıdı. Beləliklə Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Eyni zamanda Pakistan Xocalı soyqırımını rəsmi olaraq tanıyan ilk ölkədir və Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi əməliyyatında Azərbaycanı açıq şəkildə dəstəkləyən ölkələrdən biridir. Həmçinin Pakistan Senatının Xarici əlaqələr Komitəsi Xocalı faciəsini genosid kimi tanımışdır.

Pakistanın Azərbaycana münasibətində önəmli faktlardan biri də budur ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib. Azərbaycana dəstək verərək və həmrəyliyini bildirərək bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Onu bir dövlət kimi tanımayıb.

Biz beynəlxalq təşkilatlarda hər zaman bir-birimizin mövqeyini dəstəkləyən dost ölkələrik. Pakistan bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Ermənistanın ərazilərimizin işğalının dayandırılmasını tələb edib. Müstəqilliyə yenidən qovuşandan sonra dövlət başçılarımız mütəmadi olaraq qarşılıqlı səfərlər edir və müxtəlif platformalarda ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparırlar.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü müttəfiqlik səviyyəsinə çatdırılıb. 1993-cü ilin mart ayında Pakistanın Bakıda, 1997-ci ilin avqust ayında isə Azərbaycanın İslamabadda səfirlikləri fəaliyyətə başlayıb. 1993-cü ilin aprel ayının 30-da BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş, erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 nömrəli qətnamənin qəbul olunduğu iclasa da Pakistan sədrlik edib və qətnamə Pakistan hökumətinin birbaşa təşəbbüsü və səyi nəticəsində qəbul olunub.

İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Brutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Ölkələrimiz strateji tərəfdaşdır. Keçən il Prezident cənab İlham Əliyev Pakistana dövlət səfəri çərçivəsində xüsusi diqqətlə qəbul edilmişdi. Belə qəbullar hər dövlət başçısının şərəfinə təşkil edilmir. Bu, bizim bir-birimizə nə qədər yaxın və doğma olduğumuzun nümayişidir. Baş nazir Məhəmməd Şahbaz Şəriflə Prezident İlham Əliyev arasında ikitərəfli və geniş tərkibdə görüşlər keçirildi və bir sıra sənədlər imzalandı. Dövlət başçılarımızın mətbuata verdiyi açıqlamalarda Prezident İlham Əliyev Pakistana 2 milyard dollardan artıq sərmayənin yatırılmasına hazır olduğumuzu və bunun üçün tələb edilən məsələlərin bir ay ərzində müəyyən edilməsi üçün tapşırıqlar verildiyini bildirdi.

Hökumətlərarası komissiyalarda və biznes forumlarda qarşılıqlı investisiya imkanları müzakirə olunur. Azərbaycan və Pakistan siyasi, iqtisadi, hərbi-müdafiə, humanitar və mədəni sahələrdə əməkdaşlıq edir. Azərbaycan Respublikası Pakistan İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır.

İki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. 2015-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva "Hilal-e Pakistan” ordeni ilə təltif edilmişdir. Ali məktəblərimiz arasında da əməkdaşlıq var və qarşılıqlı şəkildə ölkələrimizə həsr edilmiş kafedralar yaradılıb. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri çərçivəsində dövlət başçılarımız arasında aparılmış müzakirələr və imzalanmış sənədlər ölkələrarası əlaqələrin inkişafına yeni impuls verəcək. Bəli, Azərbaycan və Pakistanın dostluğu əbədi və sarsılmazdır.

Rafiq Məmmədov, Əməkdar müəllim

 

OXŞAR XƏBƏRLƏR