Səfil: Pula aldandım, 16 yaşında adam öldürdüm - FOTOLAR

Səfil: Pula aldandım, 16 yaşında adam öldürdüm - FOTOLAR
Bütün Xəbərlər
06:05 22.12.2014
7699

“Türkiyə mənə sahib çıxmasa, Taksim meydanında bomba partladacam!” İnsanın yaxşı və pis insan olması onun yaşadıqlarından daha da konkretləşdirsək həyat şərtlərinin necə gətirəcəyinə bağlıdır. Həyat, əlinin tərsiylə vurduğu insanları alçaldır, biz isə ya onlardan qorxub qaçır, ya da qeybətini edirik. Əslində bəli, qorxmaq lazımdır. Ondan qorxmaq lazımdır ki, sonumuzun nə olacağını heç birimiz bilmirik. Bu müsahibənin girişini uzun vermək istədim. Başqa cür alınmazdı çünki. Adətən alışmışıq ki, “həyat statusları böyük”, populyar, hamı tərəfindən rəğbət görən insanlardan müsahibə alınsın. Ama hamı tərəfindən rədd olunmuşları insan yerinə qoymuruq. Özümü İstanbula gəldiyimdən bəri nə vaxt belə pis hiss etdiyim yadıma gəlmir. Bəlkə də olub, amma insanlar pis günləri tez unudur. Qərəz, Gəzi parkında hamının gözündən iraq olmaq üçün oturacaqlarda yox, sakitlik bir yerində daşın üstündə oturub səssiz, dizimə düşən göz yaşlarımın hansı şəkil alacağına tamaşa edir, bir yandan da içimdəki nifrət kini qusarcasına “Skype”da bacıma vəziyyəti izah edirdim ki biri yaxınlaşdı.

“Kötüsün, al bi siqara, bira da vereyim mi?” -dedi. Üzünə baxmadan yalnız qalmaq istədiyimi dedim və getdi. Keçərkən üfunət bir qoxu adamın “bomj” olduğunu xəbər verirdi. Bacımla xeyli danışdım və o adam bu müddətdə öz aləmində sanki məni qoruyurdu. Hamıya “ne bakıyosun lan!” havasında. Özümə gələ bilmirdim, açığı heç nə vecimə deyildi. Söhbətimin sonlarına yaxın daşın üstünə bir qızılgül qoyuldu. “Hayat bana da çok kalleşce davrandı. İki kere mahbusda yatdım.”dedi. Qadın psixologiyası çox qəribədir, hərdən özüm də özümü anlamıram. Sanki gözümə o dəqiqələrdə boz-qara görünən İstanbul bir qızılgüllə rənglənmişdi. Çox sevinmişdim. Bilmirəm niyə ama o an qeyri-ixtiyari qəhqəhələrimə boğuldum. Söhbətimi bitirim bir danışaq dedim. “Bomjlar” adətən əvvəli varlı və savadlı insanlar olur. Həyat onlara xeyli dərs keçir, amma qiymət vermir. Bir onun dərdinə, problemlərinə baxdım, bir də özümü üzdüyüm mənasız söhbətə, utandım açığı. Dərdin varsa, danış dedi. Dinləyərəm. Gülümsədim. “Senin, senin derdinin yanında benim derdimi anlatmak küstahlık olur, boş ver. Ama iznin olursa ben gazeteciyim, sen anlat, senin hayatını yazayım” - dedim. Sevincək razılaşdı. İndi sizə həyatımda aldığım ən dəyərli hədiyyə, bir dünya idi o qızılgül deyib, söhbətimizə keçəcəm. Ona görə dəyərli ki, tanıdığınız, pulu olan insanların sizə birşeylər hədiyyə etməsi çox adidir. Amma bir bomjun cibindəki son qəpiyi ilə sizə qızılgül alması bəlkə də heç birinizin heç vaxt həyatında olmayacaq hadisədir. Bu arada adını Cenqo olaraq təqdim etmişdi. -Hə, başlayaq, Cenqo? -Almaniyada doğulmuşam. Atam anamı öldürdü. (Səbəbini soruşmadım. İki dəfə həbs görmüş, çöldə yatan, ruh halı normal olmayan adamdan müsahibə almaq kifayət qədər cəsarət tələb edirdi)  Səkkiz yaşımda yurddan qaçdım. Ondan bəri küçələrdəyəm. Bally,tiner çəkdim. -Nə çəkdin? Bally,tiner nədir? Bir növ uyuşturucumu?

-Uyuşturucu sayılmaz, amma adamı uçurur. Sən belə də yaz, bilən olacaqdır. -Tamam, davam et. -16 yaşımda adam öldürdüm. Çıxdım, ikinci cinayətimi işlədim. -Nə cinayətləri idi onlar? -Pula aldandım, şirin gəldi. Sifarişlə adam öldürdüm. On beş il də “kuyumcu qasbı”ndan yatdım. Qızılları yığıb qaçdıq. Maskalı beşlilər deyirdilər bizə. Beş il də dəlixanada yatdım. Psixologiyam pozulub. Dövlət mənə sahib çıxmazsa, bomba partladacam, özümü də, 1000 adamı da Taksim meydanında partladıb öldürəcəm. Televiziya kanallarına çıxıb dərdimi danışmaq istəyirəm. Mən həssas, dəyərli bir insanam. Küçələrin uşağıyam, amma adam kimi adamam. Bu həyat məni bu cür hallara salıb, mən vicdansız deyiləm. -Dövlətdən istədiyin nədir? -Məni iş, evlə təmin etsin. Bir yuvam, ailə-uşağım olsun istəyirəm. Küçələrdə qalmaqdan xəstəyəm. Ana yox, ata yox, bacı yox, qardaş yox. Sən de, mən kim, nə uğrunda yaşayım? Bir canımdır o da belə, canımdan bezmişəm. Bədənim şıram, şıramdır. Dövlət yaxşı tanıyır məni. Murat Kızıl Duman. Xalq arasında Cenqo. Anam arvadım olsun, bezmişəm, özümü də, Taksimdə olan hamını da partladıb öldürəcəm. Türkiyə Cumhuriyyəti ya mənə sahib çıxacaq, ya da sahib çıxacaq. Başqa yolu yoxdur. Yoxsa özümü partladacam. Zatən həyatım bitmiş, görürsən də bitmişəm. - Rədd edilməkdən bezdim deyirsən. -Eynən. Sanki sənə nifrət edirlər. Hamı qorxub qaçır. Artıq beynim vücuduma,vücudum beynimə təmas etmir. Beyin hüceyrələrim dayanıb. Anlayırsan? Narahatam. -Bəs necə keçinirsən, necə dolanırsan? -Allah böyük. Para-pul sıxıntım yoxdu. Uşaqlar var, gəlirlər pul verir, pivə, siqaretimi alırlar. Ama çoxu belə deyil, qorxur, qaçır, yaxın durmur kimsə mənə. Onda özümü təhqir olunmuş hiss edirəm. O an kin, nifrət boğur, qəzəb məhv edir məni . Amma biri mənə yanlış hərəkət etməzsə, kimsəyə yanlış davranmaram, zərər vurmaram. Elə davranırlar elə bil Cenqo bunların anasını ... (söyüş) . Bu həyat onsuz da məni vurub, siz niyə qaçırsınız? -İndi icazə verirsən bizim bir şəklimizi çəksinlər müsahibəyə yerləşdirim? -Əlbəttə. (Qarşıdakı iki bəyi səsləyir. Biri əsəbi baxaraq vecinə almır. Özü yaxınlaşır. Sözün düzü dalaşacaqlar deyə qorxuram. Digər bəy və mən bir təhər razılaşıb şəklimizi çəkdirdik. ) -Cenqo, burda olursan həmişə? Mən sənə necə göstərəcəm müsahibəni? Nömrəsini verir. -7/24 burdayam. Məndən bir istəyin varmı? Mən səni çox sevdim. Mərd adamsan. Ürəyi gözəl insanlar həmişə üzülür. İmkan vermə səni üzsünlər. Biri üzərsə, bir problemin olarsa bir dəfə zəng etmən yetər. -Mənim sənə kömək edəcəyim, məndən istədiyin bir şey varmı? -Bu gün mənlə söhbət etməyin, çəkinməməyin, bu müsahibəni etməyin, mənə bir dünya verdin. Arada-sırada gəl baş çək, söhbət edək bəs edər. -Gətirəcəm müsahibəni Azərbaycanca oxuyasan, Cenqo. (Gülümsəyirəm,qəhqəhə çəkir) Görüşərik. -Gözləyəcəm. Görüşərik. Aybəniz Alizadə

OXŞAR XƏBƏRLƏR