Səhər pik saatlarında Bakı şəhərində avtobus xətlərində gecikmələr olur. Xüsusilə Sabunçu Dəmir Yolu Stansiyası ilə Xətai rayonu (Əhmədli Metro, Ukrayna Dairəsi) arasında işləyən 62 nömrəli avtobus xəttində müşahidə olunur. Sərnişinlər planlaşdırılan vaxtdan gec gedib-gəlməkdə çətinlik çəkir.
"BakuBus” MMC-dən AZXEBER.COM-a bildirilib ki, 62 nömrəli marşrut xəttində gecikmə halları müşahidə edilməyib:
""BakuBus” MMC-nin istismarında olan 62 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 25 avtobusla təmin edilir və xətt üzrə 5–6 dəqiqəlik intervalla hərəkət həyata keçirilir. Monitorinq Mərkəzinin son bir həftəlik müşahidələrinə əsasən, 62 nömrəli marşrut xətti üzrə avtobusların hərəkətində gecikmə halları qeydə alınmayıb”.
Qurumdan bildirilib ki, pik saatlarda əlavə 3 avtobus fəaliyyət göstərir:
"Günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi Qara Qarayev prospekti, Əsildar Məmmədəliyev küçəsi, Əli Vəliyev küçəsi və Kamil Balakişiyev küçəsində müşahidə edilən nəqliyyat sıxlığı avtobuslararası intervallarda müvəqqəti artıma səbəb ola bilir. Sərnişin tələbatının qarşılanması məqsədilə pik saatlarda xətt üzrə əlavə olaraq ayrılan 3 avtobus Əhmədli metrostansiyası – Nəsrəddin Tusi küçəsi istiqamətində hərəkətə cəlb edilib”.
Şahanə Ziyad











































