"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən səlahiyyətləri çərçivəsində özəl tibb fəaliyyəti ilə bağlı plan üzrə və plandankənar yoxlamalar həyata keçirilir, yoxlamalar zamanı aşkar olunan hüquq pozuntuları aktlaşdırılır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kosmetoloji fəaliyyətlə məşğul olan fərdi sahibkar Elnarə Fəxrəddin qızı Canlının fəaliyyəti ilə bağlı AEM-ə daxil olmuş vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir neçə dəfə araşdırma və plandankənar yoxlama həyata keçirilib.
Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 2 ünvanında fəaliyyət göstərən fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının lisenziya tələb olunan özəl tibb fəaliyyət növünü müvafiq lisenziya olmadan həyata keçirməsi ilə bağlı vətəndaş müraciəti əsasında AEM tərəfindən araşdırma aparılıb və 08.05.2025-ci il tarixində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı Elnarə Canlının lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji fəaliyyət) ilə məşğul olması müəyyən edilib: "Aşkar edilmiş hüquq pozuntusu ilə əlaqədar fərdi sahibkar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 08.05.2025-ci il tarixli, MN 2156869 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, qanunvericiliyə uyğun olaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.
Bundan əlavə, vətəndaş müraciəti və mediada yayılmış məlumatlar əsasında həmin şəxsin fəaliyyəti ilə bağlı daha iki plandankənar yoxlama keçirilib. Yoxlamalar nəticəsində inzibati məsuliyyət yaradan pozuntular müəyyən edilib və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə 22.12.2025-ci il tarixli, MN 2406895 və 20.02.2026-cı il tarixli, MN 2407064 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək qanunvericiliyə uyğun olaraq növbəti icraata göndərilib.
Sonuncu yoxlama zamanı fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 79, mənzil 8 olub.
AEM tərəfindən səlahiyyətləri çərçivəsində həyata keçirilmiş yoxlamalar və tətbiq edilmiş inzibati tədbirlərə baxmayaraq, fərdi sahibkarın lisenziya olmadan kosmetoloji fəaliyyətini davam etdirməsi müəyyən edilib. Bununla əlaqədar onun fəaliyyətinin dayandırılması istiqamətində əlavə hüquqi tədbirlərin görülməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən 13 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilib.
Nazirliyin müraciətində lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji fəaliyyət) məşğul olma faktına hüquqi qiymət verilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi xahiş olunub.
Beləliklə, qeyd olunan şəxsin fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyi və AEM tərəfindən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində zəruri tədbirlər görülüb və məsələ ilə bağlı hüquq-mühafizə orqanına da müraciət edilib”.
Əlavə olaraq bildirilib ki, vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şikayət və ya digər pozuntularla bağlı AEM-ə aşağıdakı vasitələrlə məlumat verə bilərlər:
"Bir pəncərə” sektoru;
Qaynar xətt: (012) 596 05 20;
E-poçt: [email protected];
Rəsmi sayt: www.pharma.az ("Müraciət” bölməsi).











































