"Qızıl top” (Ballon d'Or) mükafatının rəsmi saytında 2026-cı ilin qalibi ilə bağlı yanlışlıqla paylaşım edilib.
Bu barədə məşhur insayder və jurnalist Ben Ceykobs özünün "X” sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, saytın texniki xətası ucbatından eyni anda üç müxtəlif futbolçunun – Harri Keyn ("Bavariya”), Lamin Yamal ("Barselona”) və Kilian Mbappenin ("Real Madrid”) "qalibiyyəti” barədə xəbərlər əlçatan olub. Sözügedən postların tezliklə silinməsinə baxmayaraq, hadisə sosial şəbəkələrdə böyük rezonans doğurub.
Qeyd edək ki, 70-ci "Qızıl top”un təntənəli təqdimat mərasimi oktyabrın 26-da Londonda, "Palladium” teatrında keçiriləcək. Bu mükafat tarixində ilk dəfə Fransadan kənarda təşkil olunur. Londonun seçilməsi isə 1956-cı ildə mükafatın ilk sahibi olmuş ingiltərəli əfsanəvi futbolçu Stenli Metyuzun xatirəsinə hörmət əlamətidir. Mərasimin əsas hissəsi Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Məlumat üçün bildirək ki, "Qızıl top” hər il Fransanın "France Football” jurnalı tərəfindən ilin nəticələrinə əsasən dünyanın ən yaxşı futbolçusuna təqdim olunan ən nüfuzlu fərdi mükafat sayılır. 2025-ci ildə bu mükafata Fransanın PSJ klubunun hücumçusu Usman Dembele layiq görülmüşdü. Mükafatın mütləq rekordçusu isə 8 "Qızıl top” sahibi olan Lionel Messidir.
///qafqazinfo///












































