Şəkidə dini icmalar üçün iki günlük regional konfrans işinə başlayıb

Şəkidə dini icmalar üçün iki günlük regional konfrans işinə başlayıb
Bütün Xəbərlər
17:08 27.10.2014
1042

Oktyabr ayının 27-də Şəkidə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans işinə başlayıb.

Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində DQİDK-nın sədri Mübariz Qurbanlı, Şəkişəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov, millət vəkiliYaqub Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadlı iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Daha sonra Komitə sədri Mübariz Qurbanlı Şəki İslam mədrəsəsində, Şəki Cümə məscidində, Şəki İmam Əli məscidində olub. Mədrəsənin müəllim və tələbələri, dini icma üzvləri ilə görüşüb.

Konfransda çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasəti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. Müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq.

Millət vəkili Yaqub Mahmudov Sovet hakimiyyəti illərində və müstəqilliyimizin bərpa edildiyi ilk illərdə Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması üçün gördüyü işlərdən danışıb. Qeyd edib ki, İslam din humanist dindir. Yaqub Mahmudov ölkəmizdə digər dini konfessiyalara da dövlət tərəfindən diqqət və qayğı göstərildiyini, kilsə və sinaqoqların təmiri, yenilərinin tikilməsi, qorunmasını xüsusi vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadlıbildirib ki, Qafqaz Müsəlmanları İdarəsində son illərdə ənənə halını almış qanvermə aksiyasının təşkili cəmiyyətdə müsbət qarşılanıb. Hər il olduğu kimi, bu ildə də Aşura günündə QMİ qanvermə aksiyası təşkil edəcəkdir. Eyni zamanda, QMİ sədrinə qadın müavin təyin olunması din sahəsində qadınların rolunun artması üçün yeni bir ənənənin əsasını qoyub.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov dövlətin dinə hər zaman xüsusi həssaslıq və qayğı ilə yanaşdığını qeyd edərək, dövlət başçısı Cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çoxlu layihələr həyata keçirildiyini vurğulayıb. Sərraf Hüseynov bildirib ki, məscidlər həm də elm ocağı olmalıdır. "Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu" və " Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi " bu istiqamətdə müəyyən işlər görmək və layihələr həyata keçirmək istiqamətində tədbirlər hazırlayırlar.

Konfransın açılış mərasimini yekunlaşdıran DQİDK-nın sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənmişdir. O, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.

Ümummilli Lider Heydər Əliyevin “Biz dünyəvi dövlətik, amma dindən də ayrı deyilik” fikrini vurğulayan Komitə sədri söyləyib ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir: “Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq lazım deyil ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meylləri artmaqdadır.Odur ki, dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır.Ölkə dindarlarını xarici təsirlərdən qorumaq daha çox ruhanilərin üzərinə düşən məsuliyyətdir.Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq”.

Tədbirdə çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Açılış mərasimindən sonra panellər üzrə davam edən konfransda bir neçə maraqlı məruzə dinlənilib.“Dini müxtəliflik: birgə yaşayışın harmonik vəhdəti kimi” adlı birinci plenar iclasda Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi f.d. Rafiz Manafov “Vəhdət naminə dinlər və məzhəblərarası dialoq”, Azərbaycan Respublikası Alban-Udi xristian dini icmasının sədri Robert Mobili “Azərbaycanda tolerantlıq ənənələri: Alban-udi və müsəlman icmalarının qarşılıqlı əlaqəsi nümunəsində” mövzularında məruzələrlə çıxış ediblər.

"Tarixilik və müasirlik baxımından milli-mənəvi dəyərlərimiz" adlı ikinci plenar iclasdaQafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İbrahim İbrahimov"İslamda vətən və dövlət sevgisi”, Bakı Dövlət Universiteti Tarix fakültəsinin müəllimi f.d. Saleh Kazımov “Milli dövlətçiliyimizin möhkəmlənməsində din xadimlərimizin rolu” (Tarixi faktlar əsasında), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin məsləhətçisi Cahandar Əlifzadə “Milli adət-ənənələrimiz və müasir çağırışlar” mövzularında çıxış ediblər. Mövzular ətrafında geniş müzakirələr aparılıb və məruzələr konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.

Konfrans müxtəlif mövzular üzrə panellərlə sabah öz işini davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR