Şəkidə “İpək Yolu” III Beynəlxalq musiqi festivalı başladı

MƏDƏNİYYƏT
05:11 01.07.2012
1477
Bu gün Şəki şəhərində “İpək Yolu” III Beynəlxalq musiqi festivalı açılıb. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən musiqi bayramında Türkiyə, Gürcüstan, İran və Koreya Respublikasının, eləcə də Azərbaycanın milli musiqi, folklor və teatr kollektivləri çıxış edəcəklər.İyulun 4-dək davam edəcək festivalın ilk günündə Şəki xanları sarayının həyətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış “Arşın malçı İpək Yolunda” musiqili hekayət-tamaşa nümayiş etdirilib. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək zəngin tarixə, qədim dövlətçilik ənənələrinə, yüksək mədəniyyətə malik olan Şəki şəhərində növbəti “İpək Yolu” Beynəlxalq musiqi festivalının keçirilməsini ölkənin mədəni həyatında mühüm hadisə kimi dəyərləndiriblər.Qeyd olunub ki, artıq üçüncü dəfədir keçirilən “İpək Yolu” Beynəlxalq musiqi festivalının öz yolunu yenidən Şəki şəhərindən salmasının önəmli səbəbləri var. Məlum olduğu kimi, Şəki şəhəri 2012-ci ildə TÜRKSOY-un qərarı ilə “Türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı” elan edilib. Eyni zamanda, 2012-ci ildə Azərbaycan və dünya memarlığının nadir incisi hesab olunan Şəki xanları sarayının 250 illik yubileyi də qeyd edilir. “Xan sarayı”nın yubileyinin Beynəlxalq musiqi festivalı günlərində qeyd olunması respublikamız üçün çox əlamətdar hadisədir.Bildirilib ki, festivalın əsas qayəsinə uyğun olaraq, bu dəfə konsertlər memarlıq abidələrinin fonunda, “Xan sarayı”, Yuxarı və Aşağı karvansaraylar, “Cənnət bağı” kimi tarixi məkanlarda keçiriləcək. Təbii ki, burada müxtəlif ölkələrin milli musiqisi müxtəlif folklor alətlərinin, milli geyimlərin, qədim ornamentlərin nümayişi ilə, tarixi-memarlıq abidələrinin ecazkar ab-havası ilə qovuşacaq. Festivalın açılışı günündə tamaşaçılara təqdim olunan kompozisiyada əsərin qəhrəmanları – arşın malçı cildinə girmiş tacir Əsgər və gözəl bəy qızı Gülçöhrə, hazırcavab Asya və tədbirli Süleyman bəy, ahıl yaşlarında bir-birinə bənd olan Soltan bəy və Cahan xala, məzəli və sadiq nökərlər Telli və Vəlinin məhəbbət sərgüzəştləri operettanın ölməz musiqisi ilə yanaşı, milli xalq rəqsləri və mahnıları fonunda cərəyan edir. Bütün musiqili hekayətin birləşdirici məqamı isə, şübhəsiz ki, arşın malçının məşhur mahnısı olub.Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşanın dirijoru və xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, baletmeysteri Xalq Artisti Mədinə Əliyevadır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərindən Gülüstan Əliyeva, Fərid Əliyev, Afaq Abbasova, Məhsəti Cabbarova və digər ifaçıların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

OXŞAR XƏBƏRLƏR