Ötən gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonu, Baksol-1 ünvanında fəaliyyət göstərən Səkinə Rəşid qızı Babayevanın rəhbərlik etdiyi “Bakı Tekstil Fabriki” MMC-də dövlət nəzarətinin həyata keçirməsi ilə bağlı oxucularımıza məlumat vermişdik.
Məsələ ilə bağlı AZXEBER.COM portalı olaraq müəssəsə haqqında araşdırma apardıq və araşdırmamız nəticəsində Səkinə Rəşid qızı Babayevanın ötən parlament seçkilərində Nərimanov rayon 18-ci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olduğunu, onun illərdir tekstil sahəsində çalışmasını və Azərbaycanda bu sahə ilə bağlı ixtisaslaşmış mütəxəssislərdən biri olmasına aid informasiyalar əldə etdik.
Məsələnin ictimaiyyət üçün əhəmiyyətliliyini nəzərə alaraq müəssəsənin direktoru Səkinə Babayeva ilə əlaqə saxlayıb müsahibə almaq istədiyimizi bildirdik. Şirkət rəhbəri bizim bu təklifimizi müsbət qarşılayaraq bütün məsələlərə aydınlıq gətirmək istədiyini qeyd etdi.
Səkinə xanım, ilk olaraq “Bakı Tekstil Fabriki” MMC haqqında oxucularımıza ətraflı məlumat verməyinizi istərdik.
Bu müəssisə SSSRI dağıldıqdan sonra özəlləşdirilmə məsələlərinə görə öz fəaliyyətini dayandırmışdı. Bu ilin aprel ayında isə, biz bu müəssisənin rəsmi olaraq “Bakı Tekstil Fabriki” MMC adı ilə yenidən təsis etdik. Müəssisədə bu gün istifadə edilən yeni texnologiya ilə yanaşı keçmişdə istifadə edilən tikiş avadanlıqları da qorunub saxlanılır. Həmçinin biz fabrikin tarixiliyinin qorunmasında da müəyyən işlər görürük. Yəni bu eyni zamanda onu göstərir ki, bu müəssisə nəinki indi eyni zamanda keçmişdə də sırf bu sahədə işlər görüb. Hər bir müəssisə kimi biz də işin keyfiyyət tərəfinə daha çox önəm veririk. Mənim də, bu işdən əvvəl istehsal sahəsində olan bilgilərim və bacarığım bizə daha keyfiyyətli və daha yaxşı, daha məhsullar istehsal etməyə imkan verir.
Gələcəkdə şirkətin istehsal etdiyi məhsulları dünya bazarına çıxartmağı planlaşdırırsınmı?
Bəli, hazırdabiz istehsal prosesi üçün Ukraynadan, Belorusiyadan, Türkiyədənxammal alırıq. Bunların hamısını təsdiq edən qanuni sənədlər mövcuddur. Sizin vasitənizlə də biz bunu digər mətbuat orqanlarına göstərə bilərik. İkincisi biz çalışırıq ki, bütün istehsal etdiyimiz məhsullar beynəlxalq standartlara cavab versin.
Bəs Azərbaycanda yeni bir geyim brendini yaratmaq iddianız varmı?
Təbii ki, var. Çalışırıq ki, istehsal etdiyimiz məhsullarda daha çox Azərbaycanla bağlı milli atributlar çoxluq təşkil etsin. Və onu da qeyd edim ki, Azərbaycanın milli brendini dünya bazarına çıxarmaq üçün artıq danışıqlar aparırıq.
Əldə etdiyimiz məlumata görə, hazırda “Bakı Tekstil Fabriki” MMC-nin yeni fabriki tikilir. Sizcə bu fabrik istifadəyə verilməsi istehsal prosesinə necə təsir göstərəcək?
Az öncə də qeyd etdim ki, bizim hazırda fəaliyyət göstərdiyimiz fabrikin tarixi çox qədimdir. Buna görə də, biz belə qərara gəldik ki, yeni binanı təmirinə başlayaq. Burada istehsal prosesi zamanı daha yaxşı məhsul əldə etmək üçün ən son müasir avadanlıqları gətirmək fikrimiz var. Biz bu fabrikdə daha çox yenidənqurma işlərinin görülməsini planlaşdırmışıq. Təbii ki, planlarımız böyükdür. Bilirsiniz ki, biz təkcə məktəbli geyimləri deyil, qadın, kişi – bir sözlə bir çox yaş katoqoriyasına aid insan üçün məhsullar istehsal edirik. Bu zavodun yenidənqurmadan sonra istifadəyə verilməsi də, elə məhsulların birbaşa keyfiyyətli formada bazara çıxarılmasına gətirib çıxardacaq.
Səkinə xanım, belə demək mümkündürsə “Bakı Tekstil Fabriki” təkcə məktəbli geyimi istehsal etmək fikrində deyil?
Bəli, tam doğru vurğuladınız. Bu gün biz təkcə bir sferada fəaliyyət göstərmək fikrində deyilik. Buna görə, “Bakı Tekstil Fabriki” olaraq nəinki məktəbli geyimləri eyni zamanda digər yaş katoqoriyalarına aid insanlar üçün də milli brendlər istehsal etməyi planlaşdırırıq. Bir sözlə bizim şirkət müxtəlif çeşidlərdə dövlət standartlarına uyğun istehlak mallarının istehsalı ilə məşğuldur.
Son günlər, mətbuatda yayımlanan xəbərlərə görə, “Bakı Tekstil Fabriki” MMC xam malını Çin Xalq Respublikasından alır. Hətta sizin lisenziyanızın olmadığı da iddia edilir. Məsələ ilə bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı.
Bəli, bu məsələ son günlər məni və kollektivimizi narahat edən məsələdir. Çox təəssüflər olsun ki, mətbuatda dərc edilən qərəzli xəbərlər bizi çox üzür. Əvvəlcə onu qeyd edim ki, bu iddialarla çıxış edən şəxslər Azərbaycan RespublikasınınDövlət Gömrük Komitəsinə müraciət edib məsələnin konkret mahiyətinə vara bilərlər. Əgər mən Çindən xam mal gətirsəm bu zaman dövlət qurumu kimi, Gömrük Komitəsinin sənədlərində bu haqda məlumat saxlanılar. İkincisi onu qeyd edim ki, mən özümü sivil bir ölkənin vətəndaşı hesab edirəm. Heç kəs özünə haqq qazandıra bilməz ki, sahibkarın icazəsi olmadan onun sahib olduğu ərazidə hansısa bir televiziya çəkiliş aparsın. Həmin gün Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları ilə birlikdə gələn televiziya işçiləri mənim icazəm olmadan istehsalat sahəsinə daxil olaraq heç bir hüquqi sənəd göstərmədən çəkiliş aparmağa çalışırdılar. Mən öz şəxsi avtomobilimdən düşən zaman onlara salam verdim və onları öz ofisimə dəvət etdim. Buna baxmayaraq media işçiləri məndən şirkətin sənətlərini və lisenziyanı göstəməyimi tələb etdilər. Heç harda görülməyib ki, hansısa bir sənət küçənin ortasında görsədilsin. Və buna görə də mən onları yuxarı-ofisimə dəvət etdim ki, sənətlərimizi onlara göstərim. Amma həmin şəxslər mənim bu təklifimə məhəl qoymadan çəkiliş aparmaq istədiklərini bildirdilər. Bilirsiniz ki, hər bir istehsalatın getdiyi yerlərdə həmin istehsalata aid artıqların fabrikin ərazisində olması normaldır. Özünüzdə görürsünüz ki, burada təmir işləri gedir və bu cür tikinti materiallarının olması mümkündür. Ancaq həmin media işçiləri bu məsələni başqa istiqamətlərə çəkərək bizim prestijimizə böyük ziyan vurmaq istədilər.
Bu işin bazarda rəqabətdə olduğunuz digər şirkətlər tərəfindən sifarişlə həyata keçirildiyini düşünürsünüzmü?
Əvvəlcə onu deyim ki, hazırda məktəbli geyimini istehsal edən çox az müəssisə var. Əgər hazırki durumda Azərbaycanda 11-12 fabrik məhz bu məhsullardan istehsal etməyə çalışsa da, yenə də bu əhalinin məhsullara olan təlabatını ödəyə bilməz. Ona görə bazar çox genişdir. Nədən bir çox sahibkarlar bütün bazara nəzarət etməyə çalışır və düşünür ki, bazarda yalnız o ola bilər. Bir daha qeyd edirəm ki, “Bakı Tekstil Fabriki” təkcə məktəbliləri üçün geyim istehsal etmir. Biz gündəlik geyimlər istehsal edirik. Eyni zamanda istehsal etdiyimiz məhsullar arasında məktəbli geyimləri də var. Məlumat verim ki, Azərbaycan Respublikası 13 ölkənin imzaladığı beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiyaya görə hər bir istehsalat müəssəsi lisenziyalaşdırılmalı və onun fəaliyyətində heç bir əngəllər yaradılmamalıdır.
Bilirsiniz ki, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin yoxlamaları bir çox müəssisələrdə aparılır. Bəs sizcə mətbuatın məhz bu mövzuya bu qədər həssas yanaşması nə ilə əlaqəlidir?
Bu məsələ mənim üçün də maraqlı olaraq qalır. Biz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin yoxlamalarını çox normal qarşılayırıq. Bir qurum kimi bu onların işidir və bütün müəssisələrdə bu cür yoxlamaların aparılması qanunla öz təsdiqini tapıb. Təbii ki, bu müəəssələr arasında doğru-dürüst rəqabətin yaranması üçün birbaşa stimul rolunu oynayır. Ancaq bizim üçün də maraqlı olan məsələ, mətbuatın niyə bu cür haqsız yerə bizim haqqımızda heç bir əsası olmayan informasiyalar yayımlamasıdır. Görünür bu informasiyalar bəzi insanlara sərf edir.
Məsələ ilə bağlı məhkəməyə müraciət etmək fikriniz varmı?
Bəli, düşünürük ki, hazırki durumda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bizimlə bağlı araşdırma aparır. Bizim hər bir sənədlərimiz yerində olduğu üçün haqq-ədalətin yerini tapacağına inanırıq. Bunun ardından həmin televiziyalarla əlaqə saxlayıb təkzib vermələrini tələb edəcəyik. Əks təqdirdə hüquqlarımızın təmin edilməsini məhkəmənin ali qərarına buraxacağıq. Bilirsiniz ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi ilə bağlı böyük işlər görülüb. Cənab prezident hər zaman öz çıxışlarında sahibkarlara dəstək olmağı bütün strukturlara tapşırıb. Buna görə, biz prezidentimizin hər zaman sahibkarların yanında olduğunu bilirik.
Səkinə xanım bəs, bu məsələ ilə bağlı məhkəmədən başqa hansısa bir QHT-lərə müraciət etmək kimi fikriniz vamı?
Bununla da bağlı artıq bizim fikirlərimiz var. Mən bir qadın kimi hətta öz hüquqlarımın tapdanılmasına göz yuma bilmərəm. Bu məsələnin kimlərsə tərəfindən bu qədər ictimaiyyətləşdirilməsi mənim qadın olmağımla birbaşa əlaqəlidir. Buna görə də, ölkəmizdə qadınlarla bağlı fəaliyyət göstərən QHT-lərə müraciət etmək fikrim var. Həm də bilirsiniz ki, şayələrin bu qədər artmasında mətbuatında böyük payı var. Mən şəxsən hər zaman jurnalistlərə hörmət etmişəm. Onlar istədikləri vaxt bizim ofisə yaxınlaşıb məndən informasiyalar əldə edə bilərlər. Ancaq mən bu şayələrin yayılmasında əli olan insanları onlara nəzarət edən qurumların ixtiyarına buraxmaq fikrindəyəm. Mətbuat Şurasının sədri Əflatun Amaşova, Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmliyə məhz bu məsələ ilə bağlı ölçü götürmələri üçün müraciət etmək fikrim var.
Əfsələddin AĞALAROV