AZXEBER.COM portalı "Kitab Evi" layihəsinin bu dəfəki qonağı Elçin Mirzəbəylinin şeirlərini təqdim edir:
Yenə səni gözləyirəm... Yenə səni gözləyirəm Səndən ayrıldığım yerdə... Ayrılığın divarına Hörülüb qaldığım yerdə. ...Al, məndən xatirə kimi Üstümdəki daşı götür. Kirpiyini sal gözümə Gözümdəki yaşı götür. Götür, götür bu daşı da Sevdamın başına çevir. Qəlbindəki məzarımın Adsız başdaşına çevir... ...Yenə də səni gözləyim Səndən ayrıldığım yerdə. Qəlbində... Yataq yerinə... Qəbrimi saldığın yerdə... 13 avqust 2012-ci il Çıx gəl xatirələrimdən... Çıx gəl xatirələrimdən... Çıx gəl, artıq Ayaqlarının toxunduğu yerdə Bir ovuc torpaq olmaq istəyirəm, Bir payız səhərində Budağında qəribsəyən Yarpaq olmaq istəyirəm... Külək uçurub ovuclarına atsın məni... Ovuclarında can verim, Gözlərinə baxaraq... Əllərinin hərarətinə qovuşun Son nəfəsimin istisi... avqust 2012 Sənsiz... Sənsiz tək ruhumdur qalan Bədənsiz ölürəm, gülüm. Məni qəlbində dəfn elə... Kəfənsiz ölürəm, gülüm... Gözlərin yol ayrıcında... Nə çəkdi... Bilirəm, gülüm Sən mənsiz qala bilmədin Mən sənsiz ölürəm, gülüm... avqust 2012 Unutmuş məni çoxdan... Bir xatirə dəftəri ömrüm… Saralmış səhifələrindən boylanır Küskün sevdalarım… Boynubükük, pərişan arzularım Ürkək-ürkək baxır İllərin arxasından... Bir mən, Bir toz basmış oturacaq, Bir də salxım söyüdün Saçıma divan tutan Sevdalı yarpaqları... Titrəyir ovcumda... ….Unutmuş məni çoxdan O qızın barmaqları… Boş qalmış nişan üzüyü kimi Sinəm… qurşuna açıq... Ruhum Dəlik-deşik Günahsız göz yaşlarından... Əllərim yarıuçuq minarə kimi Uzanır Yaddaşıma divan tutan Xatirələrin arxasınca... İçimdəki məbəd uçuq, Dualarım didərgin yorğun baxışlarımda... Göz yaşlarım yuyunur Sevda yağışlarında... İlk eşqim gülümsəyir Xatirə dəftərimin Yıxılmış Başdaşından... Gözlərim içinə çəkir əlçatmaz uzaqları... Çəkir... Unutmuş məni çoxdan o qızın barmaqları... 07 iyul 2012 Yenə düşdü qəfil dolu... Duman kəsdi sağı, solu... Yordu məni sevda yolu Sən yolu saxla, mən enim... *** Bu həsrətdən ruhum talan, Nə qaldı ki, yerdə - yalan... Məni səndən uzaq salan Səni məndən alan ölsün...