Çıxarışı olmayan evdə qeydiyyatda olan şəxsin hüquqları nədən ibarətdir? Ev satılarkən həmin şəxsi razılığı olmadan qeydiyyatdan çıxarmaq mümkündürmü və belə hallarda vətəndaş öz hüquqlarını qorumaq üçün hansı hüquqi addımları atmalıdır?
Bu barədə Demokrat.az-a açıqlamasında hüquqşünas Kənan Məmmədov bildirib ki, sənədsiz evdə qeydiyyatda olmaq şəxsin həmin əmlak üzərində mülkiyyət hüququ yaratmasa da, ona bir sıra mühüm istifadə və sosial hüquqlar verir.
Onun sözlərinə görə, bu hüquqlar evin necə əldə olunmasından və qeydiyyatın hansı əsaslarla aparılmasından asılı olaraq dəyişə bilər:
"Həmin ünvanda qeydiyyatda olmaq şəxsin oradan istifadə hüququnu formalaşdırır. Qeydiyyat həmin ünvanın şəxsin yaşayış yeri kimi tanınmasına əsas yaradır. Bu da ərazi üzrə məktəb, uşaq bağçası və digər sosial təminat xidmətlərindən istifadə etmək imkanı verir. Qeydiyyatda olan şəxs yaşayış yerindən tam istifadə edə bilsə də, mülkiyyətçi kimi əmlak üzərində sərəncam vermək hüququna malik olmur.
Şəxs həmin evi sata, bağışlaya və ya girov qoya bilməz. Çünki çıxarışı olmayan ev dövlət reyestrində mülkiyyət obyekti kimi qeydiyyata alınmadığından, onun üzərində sərəncam vermək hüququ yaranmır.
Sənədsiz evlə bağlı hüquqların həcmi əmlakın hansı əsaslarla yarandığından asılıdır.
Əgər ev ər-arvad tərəfindən nikah dövründə birgə tikilib və hər ikisi həmin ünvanda qeydiyyatdadırsa, onların hüquqları bərabər hesab oluna bilər. Əmlak valideynlərdən faktiki istifadə və ya vərəsəlik qaydasında qalıbsa, yaxud dövlətə məxsus və özəlləşdirilməmiş yaşayış sahəsidirsə, hüquqi vəziyyət fərqli olur. Yəni hər bir hal ayrıca araşdırılmalı və hüquqi qiymətləndirilməlidir”, – deyə Kənan Məmmədov fikrini tamamlayıb.











































