Bakı şəhərində ərin telefonuna gələn zəng ailəni dağıdıb.
Zabrat qəsəbəsində 40 yaşlı Zaur Mirzəyev bu zəngə görə arvadı Təhminəni öldürmək qərarına gəlib. O, arvadına bir neçə bıçaq zərbəsi vurub və öldüyünə əmin olub, özünə qəsd edib. Zaur qonşusunun həyətinə keçərək özünü orada asıb. Lakin bıçaq zərbələrindən Təhminə ölməyib. Onu ağır vəziyyətdə xəstəxanaya çatdıraraq həyatını xilas ediblər.
Sabunçu Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Sabunçu polisindən verilən məlumata görə, hadisəyə səbəb Zaurun mobil telefonuna gələn zəng olub. Bir kişi ona zəng edərək arvadı Təhminənin onunla sevişdiyini deyib. Zaur isə bunun üstündə hadisəni törədib. Əvvəl avtobus sürücüsü işləyən Zaur məhkumluq həyatı yaşayıb. Bir dəfə isə işsizlikdən özünü öldürməyə cəhd edib.