Sənin bayrağın varmı? (KÖŞƏ)

Sənin bayrağın varmı? (KÖŞƏ)
KÖŞƏ
10:54 09.11.2011
1654
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 2 il öncə etdiyi hərəkəti bu günlərdə təkrarladı. Fransada “G-20 zirvəsi”ndə baş nazir özünün duracağı yerdə türk bayrağını götürüb qatlayaraq cibinə qoydu. Əminəm ki, Ərdoğanın yerinə başqa bir türk siyasətçisi də olsaydı, eyni addımı atardı. Nədən ki, qardaş ölkədə bayrağa özəl bir münasibət var. Özü də, dünyanın heç bir ölkəsi ilə müqayisə olunmayacaq münasibət... Türk bayrağı bayramda da, yasda da insanların başı üzərindədir. Hətta bu günlərdə öldürülən bir terrorçunun atası PKK-ya etiraz olaraq hüzr mərasimi keçirilən evə Türkiyə bayrağı asmışdı. Bayram olunca bütün şəhərlərdə binaları, evləri bayraqlar bəzəyir. Hər bir ofisin, evin pəncərəsindən, balkonundan Türk bayrağı asılır. Noyabrın 9-da Azərbaycanda Bayraq Günü qeyd olunur. Bəs bizdə bayrağa olan münasibət, onun Gününü bayram kimi qeyd etməyə haqq verirmi?Çağdaş tariximizdə üçrəngli bayrağımızla bağlı gerçək mənzərə hər kəsə aydındır. Hansısa aksiyaçının əlindən dövlət bayrağını alıb cıran dövlət məmurlarını da görmüşük, ölkədə və xaricdə dövlət tədbirlərində tərsinə asılan, dövlət binalarının üstündə dalğalanan cırılmış bayraqları da... Amma bu əməllər "texniki məsələ", "diqqətdən yayınma" kimi bəhanələrlə sığortalanıb. Bayrağımızın rənglərində ifadə olunan dəyərlər necə, bu gün Azərbaycanda nə dərəcədə özünə yer edə bilib. Boğazdan yuxarı deyil, dogru türkçülük varmı, sözdə deyil, həqiqi çağdaşlıq bərqərardırmı, müftəxor mollaların inhisarından çıxarılmış gerçək İslama sahiblənibmi cəmiyyətimiz?Bayraq günü ovqatında olduğumuzdan bunlar barədə geniş. təfərrüata varmadan keçirəm Bayraq bayramını necə keçirəcəyimizə. Xalqımız 9 noyabrda Bayraq günü necə qeyd edəcək? Bir gün evdə istirahət etməkləmi? Məsələn, kimlər evinin qarşısından, balkonundan və ya pəncərəsindən bayraq asacaq? Ümumiyyətlə, evimizin hansısa köşəsindən asmağa əlimizin altında bayrağımız varmı? Qardaş Türkiyədən çox şey öyrəndik bu illərdə. Yaxşı, ya pis... Kaş bayrağa sevgi və saygını da öyrənsəydik. 9 noyabr bir ənənənin əsasını qoymaq üçün yaxşı fürsətdir. Bayrağımıza dünyada analoqu olmayan qüllə ucaldırıqsa, Bayraq gününü keçiririksə, qoy o bayrağın daşıdığı mənaların hər biri Azərbaycanda sözün həqiqi mənasında hökmran olsun. Doğru türkçülük, həqiqi çağdaşlıq, gerçək İslam!Aqil CAMAL,modern.az
OXŞAR XƏBƏRLƏR