Sərhədsiz mədəniyyətlər və “dünya insanı” modeli

Sərhədsiz mədəniyyətlər və “dünya insanı” modeli
SOSİAL
16:38 22.09.2025
253
Şəmil Sadıq

Bu gün dünyanın hər yerində  olduğu kimi, Azərbaycanda da yeniyetmələrin  sinifdə, məhəllədə və ictimai mühitdə davranış qaydaları ən çox müzakirə olunan mövzulardandır. Uşaqların bir-biri ilə ünsiyyəti, müəllimlərlə münasibəti, ictimai nəqliyyatda böyüklərə göstərdikləri hörmət – bütün bunlar bizim üçün tərbiyə və mədəniyyət göstəriciləridir. Təbii ki, bu davranış modelləri regionların milli xarakterinə, mentalitetinə görə fərqli formalarda özünü göstərir. Məsələn, bizim məktəblərdə müəllim sinfə daxil olduqda şagirdin ayağa qalxması, ictimai nəqliyyatda böyüklərə yer verilməsi ədəb və hörmət qaydası sayılır. Avropa və Amerikada isə eyni situasiyaya fərqli yanaşılır: orada əsas diqqət qarşılıqlı hörmətin bərabərlik üzərində qurulmasına yönəlir. Bu, müxtəlif ölkələrdə etik sayılan davranışların fərqli olmasının göstəricisidir.

XXI əsrin ən mühüm reallıqlarından biri sürətli qloballaşmadır. Mədəniyyətlərin sərhədləri hər keçən gün daha da silinir, gənclər artıq yalnız yaşadıqları evin, təhsil aldıqları məktəbin tərbiyə qaydaları ilə deyil, virtual dünyanın təklif etdiyi çoxşaxəli mədəniyyətlərlə böyüyür. BMT-nin Mədəni Müxtəliflik üzrə hesabatlarında qeyd olunur ki, 2024-cü ildə dünya üzrə internet istifadəçilərinin 70%-dən çoxu 18 yaşdan aşağıdır və onların gündəlik ekran vaxtı orta hesabla 5 saatı keçir. Bu isə uşaqların davranışına birbaşa təsir edən ən mühüm faktorlardan biridir.

Mədəniyyətləri birləşdirən ən güclü kanallar filmlər, animasiyalar, seriallar, kompüter oyunları və sosial şəbəkələrdir. Düşünün ki, bir Azərbaycan məktəblisi Koreya dramalarını izləyir, Amerika komediyalarına baxır, Avropa təhsil videolarından öyrənir, sonra da gündəlik həyatında bu təsirlərin sintezini nümayiş etdirir. Onun müəllimlərlə ünsiyyətində, ailə münasibətlərində, hətta geyim tərzində belə fərqli üslubların izlərini görmək mümkündür. UNESCO-nun araşdırmalarına görə, mədəni müxtəlifliyin bu cür qarışması nəticəsində "dünya insanı” modeli formalaşır – sərhədlərdən kənar düşünən, fərqli dəyərləri qəbul edən, lakin bəzən öz milli kimliyi ilə qlobal təsirlər arasında balans tapmaqda çətinlik çəkən bir nəsil.

Bu prosesin qarşısında dayanan əsas məsələ milli kimliyin qorunmasıdır. Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda dövlət və müxtəlif təşkilatlar bu mövzuda müxtəlif tədbirlər görürlər: məktəblərdə milli ədəb qaydaları mövzularına daha çox yer ayrılır, yerli mədəniyyətləri yaşatmaq üçün sosial layihələr həyata keçirilir, təhsil proqramlarına etiket, milli irs və mədəni davranış modulları daxil edilir. Məsələn, Finlandiyada məktəblərdə "qlobal vətəndaşlıq” dərsləri keçirilir, eyni zamanda yerli adət-ənənələrin qorunması təşviq olunur. Yaponiyada isə ibtidai siniflərdə uşaqların məktəb mədəniyyətini yaşaması üçün kollektiv təmizlik saatları keçirilir, bu, həm milli intizamı, həm də universal əməkdaşlıq bacarığını inkişaf etdirir.

Azərbaycanda da son illər "Məktəblilərin Davranış Mədəniyyəti” mövzusuna xüsusi önəm verilir. Təhsil Nazirliyinin 2023-cü il hesabatında qeyd olunur ki, 80%-dən çox məktəbdə etik davranış kodeksləri hazırlanıb və müəllim-şagird münasibətlərinin keyfiyyətinin artırılması üçün maarifləndirici layihələr həyata keçirilir. Bu təşəbbüslər uşaqların həm öz milli köklərinə, həm də beynəlxalq dəyərlərə hörmətlə yanaşmalarını hədəfləyir. 

Biz bundan razıyıqmı, bu atılan addımlar nə qədər praktikdir, nə qədər təsir göstərir, görə bilirikmi? əlbəttə ki, yox. Çünki bizim  gəncliyi biz yox, başqaları böyüdür. Azərbaycan uşaqları üçün nə qədər virtual resurs var? Yeniyetmələr üçün nə qədər seriallar, oyunlar hazırlanır? Bizim gənclərin istifadə etdiyi sosial şəbəkə seqmentində Azərbaycan məhsullarının yeri nə qədərdir? Əlbəttə ki, suallara cavab tapa bilmərik və buna görə də gülüb keçərcəyik. "Skut Geym” filmini məktəblilərin necə səbirsizliklə gözləməsindən xəbərimiz varmı? Məktəbdə uşaqlarımızın tənəffüs saatlarında filmdəki oyunları necə həvəslə oynadığının fərqindəyikmi? Dünya yenidən formalaşır, bunu qəbul etməkdən başqa çarəmiz yoxdur. Qəbul ediriksə, məhz buna qarşı silahlanmalıyıq. Etiraf edim ki, bütün valideynlər kimi, mən də bu resurslara qarşı çarəsiz oluram, adətən. Uşaqlarla oynamağa, onlarla münasibtə qurmağa çalışıram, bu zaman 6 yaşlı oğlum mənimlə "Robloks” dilində, mövzusunda ünsiyyət qurur. Bu onu göstərir ki, sən nə qədər də mübarizə aparırsan apar, əldə edilən nəticə çox aşağıdır. Bir də bunlarla bağlı mübarizə apara bilməyən, təhlükənin nə qədər böyük olduğunun fərqində olmayan valideynləri düşünək. 

Uşağın davranışını qiymətləndirərkən yalnız lokal qaydaları deyil, onların gündəlik həyatına təsir edən bütün mühitləri nəzərə almaq lazımdır. Psixoloqlar bildirir ki, bir insan ətrafındakı beş nəfərin ortalamasıdır. Müasir dövrdə bu "beş nəfər”in ən azı üçü sosial media, YouTube, oyun platformaları və digər internet resurslarıdır. BMT-nin Mədəni Müxtəliflik üzrə hesabatlarında deyildiyi kimi,  internet istifadəçilərinin 70%-dən çoxu 18 yaşdan aşağıdır və onların gündəlik ekran vaxtı orta hesabla 5 saatı keçməsi faktı dediyimizi bir daha sübut edir. 

Nə qədər də  "TikTok” və "Instagram” kimi platformalarda yayılan qısa videolar, "Minecraft” və "Roblox” kimi oyunlar uşaqların həm yaradıcılıq bacarıqlarını artırsa da,  sosial davranışlarına yeni çalarlar qatsa da,  balansın pozulması hallarında uşaqların diqqətinin dağılması, emosional stabillik azalmasına gətirib çıxarır.

Bu qəbildən də təhsil mütəxəssisləri hesab edirlər ki, məktəbdə uşağın davranışına təsir edən üç əsas mühit var: ailə, məktəb və qlobal informasiya axını. Əgər bu üç mühit arasında uyğunluq təmin olunmazsa, şagirdin kimlik formalaşması çətinləşir. Uşaq ona təlqin edilən kimi böyüyür…

"Dünya insanı” modelinin formalaşması müasir dövrün qaçılmaz reallığıdır. Sözsüz ki, bu prosesin müsbət tərəfləri də var:   yeni nəsil daha tolerant, ünsiyyətcil və açıq fikirli böyüməsi.  Lakin eyni zamanda milli kimliyin zəifləməsi, dəyərlərin itməsi riski  daha böyükdür. Mən "Ay aman, qoymayın, dünya dağılacaq”! - düşüncəsində deyiləm. Yaxşı şeylər həmişə görüb-götürməklə olur. "Çox oxuyan yox, çox gəzən bilər”- atalar sözümüz də bunun misalıdır. Qədim zamanlarda çox az adamın dünya ilə tanışlığı mümkün idi. Onlar da müyən yaşdan, müəyyən dünya görüş formalaşandan sonra baş verirdi və el-obasına dönən şəxs yaxşı nümunələrin daşıyıcısı və təqdimatçısı olurdu. İndi isə yaşından, cinsindən fərqli olmayaraq hər kəs dünyanın virtual gəzir, tanış olur. Hələ bu uşaq olarsa, o zaman düşünülməmiş addımlar, özündən asılı olmayaraq alt şüura oturan qarışıq mədəniyyətlər təhlükəli olur. Bu gün dünyanın hər yerində uşaqların sevdiyi yemək qızardılmış kartofdur, geyim tərzi eynidir, musiqi, film zövqü eynidir. Bunun təhlükəli tərəfi odur ki, dünyanın rəngarəngliyi pozulur. Şablon insan modeli formalaşır. Dünyada var olmanın, güc olmanın əsas amili özün olmaqdır, özün kimi olmaqdır, özün kimi yaşamaqdır. Belə olanda başqaları üçün də maraqlı və həyacanlı olursan. 

Bəzi ölkələr bu proseslərdən daha az təsirlənir. Məsələn, Türkmənistan dünyaya qapalı bir ölkə kimi tanınır və səbəb kimi də turizmin genofondu pozmamasını göstərirlər. İnternet resursları belə ölkədə ciddi qadağalarla tətbiq olunur. Bu yanaşma nə qədər məqsədəuyğun görünməsə də, əslində doğru saymaq olmaz. Çünki dünyanın dəyişdiyi bir dövrdə özünə qapanaraq yaşamaq sonradan böyük çətinliklər yarada bilər. Belə bir mühitdə böyüyən gənclər dünyaya açıldıqda ciddi travmalarla üzləşirlər, çünki onlarda qlobal "immunitet” formalaşmır.

Digər tərəfdən, Yaponiya və Koreya nümunələri göstərir ki, müasir tələblərlə ayaqlaşmaq, texnologiya ilə sıx inteqrasiya olunmaq və eyni zamanda dünyaya öz mədəniyyətini ixrac etmək mümkündür. Bu ölkələr həm texnoloji inkişafı, həm də milli-mədəni dəyərlərinin təbliğini paralel şəkildə həyata keçirirlər.
Bütün bunların qarşısını almaq üçün sadəcə şablon təkliflər vermək kifayət etmir. Ən əsası əməli addımlar atmaq lazımdır. Məsələn:
• Məktəblərdə milli davranış qaydalarını, mədəni irsi və etik dəyərləri sistemli şəkildə öyrədən dərslərin sayı artırılmalı, xüsusi "dəyərlər dərslikləri” hazırlanmalı və virtual resurslar yaradılmalıdır.
• Valideynlər uşaqların izlədiyi məzmunu nəzarətdə saxlamalı, onlarla müzakirələr aparmalı və düzgün seçimlər etmələri üçün bələdçilik etməlidirlər.
• Müəllimlər qlobal dəyərlərlə milli xüsusiyyətləri inteqrasiya edən nümunələr göstərməli, şagirdləri həm açıq dünyaya, həm də milli köklərə bağlayan fəaliyyətlər təşkil etməlidirlər.

Mən hesab edirəm ki, artıq məktəblər bu missiyanı tam şəkildə həyata keçirə bilmir və məsələ onların nəzarətindən çıxıb. Məktəblərin üzərinə həddindən artıq yük qoymaqla və bu barədə geninə-boluna danışmaqla problemin həllinə nail olmaq mümkün deyil. Hətta təsir olsa belə, bu yalnız az sayda uşaqlarda nəticə göstərəcəkdir.

Uşaqların davranışı, tərbiyəsi, milli-mənəvi dəyərlərimizin təbliği və ənənələrimizin aşılanması mütləq virtual müstəvidə də aparılmalıdır. Bunun üçün ciddi bir dövlət strategiyasının hazırlanmasına ehtiyac var. İnternet resursları formal yox, praktik şəkildə, müasir tələblərə uyğun yaradılmalıdır. Məsələn, hazırda internetdə çoxlu həvəskar şəkildə hazırlanmış cizgi filmləri və nağıllar mövcuddur, lakin müasir uşaqlar onlara maraq göstərmir. Çünki uşaqlar sürət, dinamik keçidlər, rəngarəng forma və yeni üslub tələb edirlər.

Eyni hal oyun sahəsində də müşahidə olunur. Strategiya oyunları çoxdur, amma heç birində obrazların adında azərbaycanlı adları, milli yeməklər və ya mədəniyyətimizə aid elementlər tapmaq olmur. Halbuki, təsəvvür edin ki, Novruz bayramı mövzusunda bir strategiya oyunu hazırlanır: oyunun musiqisi, geyimləri, açar sözləri, məkanları, davranış kodları və yeməkləri Azərbaycan mədəniyyətini əks etdirir. Lakin vacib olan odur ki, bu oyun köhnə üslubla deyil, müasir tələblərə cavab verən formada təqdim olunsun. Milli ornamentləri və üslubu qorumaqla yanaşı, onları yeniləmək lazımdır. Məsələn, Kosa obrazı Bahar qızını tapmaq üçün çərşənbələrin simvollarından, "Yeddi ləvin” rəmzlərindən istifadə edə, atəşdən keçə, küləklə qarşılaşa, su ilə mübarizə apara, torpaqdan güc ala bilər.

Beləliklə, sərhədsiz mədəniyyətlərin içində böyüyən Azərbaycan gənci həm milli dəyərlərin daşıyıcısı, həm də qlobal mühitin yaradıcı iştirakçısı olmalıdır. Əsas məsələ balansı tapmaq, uşaqların həm kimliyini, həm də dünyaya açıq baxışını inkişaf etdirməkdir.






OXŞAR XƏBƏRLƏR