“Sərhədsiz Reportyorlar” təşkilatı illik Mətbuat Azadlığı indeksini açıqlayıb.
AZXEBER.COM-un təşkilatın internet saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Mətbuat Azadlığı indeksində 179 ölkə arasında 162-ci yerdə qərar tutub. Ötən illə müqayisədə Azərbaycan 10 pillə aşağı düşüb.
Ayrı-ayrı ölkələrdə medianın durumunu təhlil edən təşkilatın hesabatına görə, Azərbaycanda “vətəndaşlar həbsə atılır”, “həbs olunanların sayında dramatik artım var”, hətta, “müxalifyönlü jurnalistlər oğurlanır”. Hesabatda bildirilib ki, Azərbaycanad söz, mətbuat azadlığı yoxdur. “Sərhədsiz reportyorlar” digər postsovet ölkələrini, o cümlədən, Ermənistanı Mətbuat Azadlığı indeksində irəlilədib. Belə ki, Ermənistan 77-ci, Ukrayna 116-cı, Moldova 53-cü, Qırğızıstan 109-cu yerdədir.“Sərhədsiz reportyorlar”ın məntiqinə görə Liviya da mətbuat azadlığının səviyyəsinə görə Azərbaycandan irəlidədir.
Qeyd edək ki, siyahıya Finlandiya rəhbərlik edir, sonuncu pilləni isə Eritreya tutur.