Peyk antennalarının sürətli inkişafı Azərbaycan tamaşaçılarının seriallara olan marağını daha da artırdı. Azərbaycan teleməkanında serialların olmaması tamaşaçıları xarici telekanalların filmlərinə baxmağa vadar etdi. Əvvəllər Cənubi Amerika, sonra isə Türkiyə serialları tamaşaçıların diqqətini çəkdi.
Dünya təcrübəsi göstərdi ki, telekanalların daha da baxımlı olması üçün serialların efirdə yayımlanması zəruridir. Və bunu nəzərə alaraq, hazırki dövrdə ölkəmizdə kino sənayesinin inkişafı, film çəkilişləri üzrə müəyyən işlər görülür.
Xatırladaq ki, 2011-ci ildə Milli Televiziya və Radio Şurasının qərarı ilə xarici seriallar efirlərdən yığışdırıldı. Bu qərar Azərbaycan teleməkanında serial çəkilişləri üçün təkan oldu. Keçən il serial çəkilişləri üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 6 özəl telekanalın hər birinə 300 min manat dəyərində maliyyə dəstəyi oldu. Sözü gedən maddi vəsait elə həmin ilin dekabrın 14-də İTV-nin,Space tv-nin, ANS tv-nin, Xəzər tv-nin,Atv-nin və Lider tv-nin hesabın köçürüldü. Və bu vəsaitin köməyilə bütün özəl telekanallar öz seriallarının nümayişinə başladı.
Son dövrlər Xəzər tv-də “Küləklər şəhəri”, “Qaynana”, “Aramızda qalsın”, ANS tv-də “Qızlar”, “Yaddaş”, Lider tv-də “İqlimlər”, ATV-də “Bacanacaqlar”, İTV-də “Qaranlıqlar çiçəyi” kimi teleseriallar tamaşaçıların görüşünə gəlir.
AZXEBER.COMportalı, Azərbaycan tele efirində serialların çəkiliş səviyyəsi, onlara xərclənən maddi vəsaitlə bağlı kino ekspertlərinin fikirlərini öyrənib:
Əməkdar incəsənət xadimi, professor, kino operator Amin Novruzov: “Azərbaycanda serial anlayışı hələ ki yoxdur. Çünki serial, ümumiyyətlə film çəkmək həddindən artıq çətin bir işdir. Əvvəla, külli miqdarda vəsait, ikinci isə professional kinemotoqraflar lazımdır. Yəni, kinonu qayda-qanunu bilən adamlar çəkməlidir. Serial çəkilişində qrim, kostyum, işıq effektləri, obyektin düzgün seçimi olduqca önəmlidir. Amma təəssüflər olsun ki, bizim teleməkanda görünən seriallar bəsitdir. Çünki yuxarıda qeyd etdiyim nüansları bilmirlər. Onun üçün də seriallar yetərincə maraqlı və baxımlı deyil. Ümid edirəm ki, yaxın gələcəkdə kino sahəsində peşəkarların, ümumiyyətlə, kinonun nə olduğunu dərk edən insanların sayı artacaq. Maddi vəsaitə gəlincə isə 300 min manata kino çəkmək olmaz. Sırf peşəkarlıq baxımdan deyirəm ki, təkcə texkika o qədər pul tələb edir. Sonda onu da qeyd edim ki, əvvəllər Azərbaycan filmləri çox yüksək səviyyədə çəkilirdi. Qonşu Türkiyədə isə film çəkilişi olduqca zəif idi. Bu gün isə əksinədir. Bizim türk seriallarına çatmağımıza ən azı 25 il vaxt lazımdır.”
Əməkdar incəsənət xadimi, kinoşünas, professor Aydın Dadaşov: “Düşünürəm ki, bu vəsaitə serial çəkmək olar. Çünki televiziyada, kinoda maddi vəsaitin olması o qədər də əsas deyil. Televiziyada əsas vəsait bina, çəkiliş kamerası, montaj masasıdır. Qonşu ölkələrdən Türkmənistana baxsaq deyə bilərəm ki, onların kinostudiyası yoxdur. Yəni kino çəkmək üçün əsas vəsaitləri yoxdur. Lakin gözəl filmləri var. Serial üçün cəmi 2 dövriyyə vəsaiti lazımdır. Birinci ssenari, ikinci lent və ya kasset. Əgər bunlar varsa film çəkmək olar. Pul həlledici deyil. Ssenari əsərin modelidir, əsas faktdır. Dünyada elə şedevr var ki, orda iki aktyor oynayır, amma ssenari güclüdür. Ümumiyyətlə, televiziya gəlir gətirən sahədir. Və tv-lər büdcədən maliyyələşdirilməməlidir. Gəlir ancaq reklamdan qazanılmalıdır. Reklam isə seriala möhtacdır. Serial tamaşaçıya reklamı “yedirtmək” üçündür. Yəni, serial vasitəsilə tamaşaçı ekrana bağlanır”.
Ayşə İSAZADƏ
AZXEBER.COM