Bakı yeni nəqliyyat islahatlarının bir addımındadır.
Yaxın zamanlarda cırıldaya-cırıldaya gedən, əyləci basdıqda inildəyən avtobuslardan əsər-əlamət qalmayacaq. Bakı nəqliyyatı bir mərkəzdən idarə olunacaq. "Baku Bus" şirkəti ilə bağlı sakinlər çox nikbin düşünürlər. Avropa Oyunları zamanı məhdud şəkildə xidmət göstərən "Baku Bus" maşınları sakinlər arasında xoş təəssürat yaradıb. Odur ki, hazırkı avtobuslar artıq sakinləri qane edə bilmir.
Rövşən Fateh adlı oxucu Milli.Az-a yazdığı məktubda 100 saylı marşrut avtobusunun bərbad vəziyyətdə olduğundan şikayətlənir.
"Deyirlər ki, avtobuslar yenilənəcək, köhnə avtobuslar qalmayacaq, amma köhnələr hələ də fəaliyyət göstərir. 100 saylı marşrut avtobuslarında isə vəziyyət lap bərbaddır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, avtobusların salonları, pilləkənləri deşik-deşikdir. Köhnə avtobuslar tez-tez xarab olaraq yolda qalır. 2007-ci ildən bəri işləyən avtobusları rəngləyib yenidən xəttə buraxırlar.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxlamağa çalışdıq. Ancaq Namiq müəllim zənglərə cavab vermədi. Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin də mövqeyini dərc etməyə hazırıq.