Sədaqət Əhmədova SEVGİLİLƏR ÜÇÜN SEVGİ SÖHBƏTLƏRİ
O qədər əlçatmaz, qeyri-adisən,
Sevgimi etiraf etmək istərkən
Qorxub öz içimə çəkilirəm mən.
Özün gözlərimin lap önündəsən –
Sənə çatmaq üçün yol gəlirəm mən.
Doydura bilmirəm ac həsrətimi,
İtirib önündə dəyanətimi
Xəyallar qoynunda dirçəlirəm mən.
Aldadıb başını məhəbbətimin
Özüm öz gözümdə kiçilirəm mən.
Sevgim sənə layiq deyildir bəlkə...
Şübhə az qalır ki, çarmıxa çəkə --
Düşünüb-daşınıb çəkinirəm mən,
Vüsal qapısını döymək istərkən
Həsrətin boyuna biçilirəm mən.
Yanıb-tüstülənir könül sarayım –
Sənə yetişmirmi hayı-harayı?
Xəbərin varmıdır, nə çəkirəm mən –
Mehrab tanımayıb səndən savayı,
Sənə ibadətlə keçinirəm mən.
2.
Axtarmadım xoş taleyi, xoş bəxtı –
Qismət özü tellərimi daradı.
Nə biləydim, ovqatının xoş vaxtı
Tanrım səni mənim üçün yaradır?..
Duyğu seli axıb getdi tərsinə --
Dəli hisslər uymaz ağıl dərsinə!
Sevməyənin inadı mən, tərsi mən --
Hansı ovsun inadımı doğradı?
Günlərimin adiliyi içində
Hardan gəlib qərar tutdun içimdə?
Gözəl çoxdu bu boyda, bu biçimdə --
Könlüm nədən təkcə səni aradı?
Ürəyimin ovçusu sən, ovu sən,
Kor ocaqda alışdırdın qovu sən,
“Xəyalından xəyalımı qov!” desən,
Bağrım üstə yazılacaq yar adı!
3.
Sənsən gecikdirən vüsal vədini,
Mənəm saatları, günləri sayan!
Gəl, ovut ağlayan lal həsrətimi,
Vüsaldan utanıb, gizlənsin hicran –
Yaman darıxmışam səninçün, yaman!
Bilsən, nə ağırdır ayrılıq çağı
Uzun gecələrin sübhə çatmağı!
Mənimçün gec çıxıb, erkən batmağı
Yoxsa, Günəşə də sən tapşırmısan --
Yaman darıxmışam səninçün, yaman...
Hər ötən gözəli bənzədib sənə
Sonra məyus olmaq əzabdır mənə.
Bir həqiqət olub, özün gəlsənə!
Gəl ki, aydinlaşsın yüz bəlkə, güman –
Yaman darıxmışam səninçün, yaman.
Çəkdirdiyin vüsal həsrəti azmı?
Sənsiz can evimin gülü solmazmı?
Məndən incikliyin gerçəkmi, nazmı,
Hələ də həsrətin o tayındasan –
Yaman darıxmışam səninçün, yaman!