Sevil Mikayılova: “Abu-Dabidə keçiriləcək görüş dayanıqlı sülhə doğru böyük addımdır”

Sevil Mikayılova: “Abu-Dabidə keçiriləcək görüş dayanıqlı sülhə doğru böyük addımdır”
SİYASƏT
18:09 09.07.2025
260
Milli Məclisin deputatı Sevil Mikayılova bu gün "Hədəf” verilişində qonaq olarkən bildirib ki, sabah Abu-Dabidə keçiriləcək görüş regionda normallaşma prosesi baxımından irəliyə doğru atılmış böyük addımdır.

AZXEBER.COM xəbər verir ki, deputatın sözlərinə görə, görüşün məkanı olaraq Birləşmiş Ərəb Əmirliklərinin seçilməsi özü müsbət nəticələrin əldə olunması üçün əlverişli mühit formalaşdırır:

"BƏƏ nə Azərbaycana, nə də Ermənistana təzyiq göstərən dövlət kimi çıxış edib. Ümumiyyətlə, bu məsələ həmin ölkənin maraq dairəsində deyil. Bu isə tam sərbəst və neytral mühitin formalaşmasına şərait yaradır.”

Sevil Mikayılova qeyd edib ki, normallaşma prosesi çərçivəsində artıq əhəmiyyətli irəliləyişlər əldə olunub:

"17 müddəadan ibarət layihə tərəflər arasında razılaşdırılıb. Sadəcə, bəzi şərtlərlə bağlı danışıqların davam etdirilməsi vacibdir.”

Deputatın sözlərinə görə, Azərbaycanın əsas şərtlərindən biri ATƏT-in Minsk Qrupu məsələsinin gündəmdən çıxarılmasıdır. Digər mühüm tələb isə üçüncü dövlətlərin qüvvələrinin sərhəddə yerləşdirilməsinin qadağan olunması ilə bağlıdır:

"Azərbaycan bu məsələdə tam haqlıdır. Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyası yalnız şərti sərhəddə fəaliyyət göstərir. Delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra bu qüvvələrin orada yerləşdirilməsinə ehtiyac qalmayacaq. Əksinə, onların dayanıqlı sülhə mane olan qüvvəyə çevrilməsi ehtimalı yüksəkdir və bu barədə əsaslı arqumentlərimiz var.”

Sevil Mikayılova əlavə edib ki, Azərbaycanın növbəti şərti Ermənistanda Konstitusiyaya dəyişiklik edilməsidir:

"Ermənistanda baş verən proseslər göstərir ki, Nikol Paşinyanın hökumətində bu istiqamətdə artıq vahid vizyon formalaşıb. Onlar referendum yolu ilə Konstitusiyada dəyişikliklər etməyi planlaşdırırlar.”

Deputatın fikrincə, bu dəyişikliklər sülh prosesini daha da irəli aparacaq və uzunmüddətli sabitliyə töhfə verəcək.
 
Oksana Orucova

OXŞAR XƏBƏRLƏR